İsrail Yaxın Şərqdəki prosesləri öz nəzarəti altına keçirməyi hədəfləyir- ÖZƏL

İsrail Qətərin paytaxtı Dohada Həmas siyasi rəhbərliyinin yüksək rütbəli üzvlərini hədəf alan zərbələr reallaşdırıb. İsrailin Qətər ərazisinə misli görünməmiş hücumu İsrailin Qəzza şəhərini tamamilə tutmağa hazırlaşdığı zamana təsadüf edir. 
1. İsrail HƏMAS-ın tamamilə məhvini reallaşdırıb. Yaxın Şərqdəki prosesləri öz nəzarəti altına keçirməyi hədəfləyir. HƏMAS tamamilə sıradan çıxsa, bu, İranla bərabər, Türkiyə üçün də strateji çətinliklər yarada bilər. İsrailin Qətərə hücumu HƏMAS-ın təşkilatlanmasına və ona dəstək verən Türkiyə-Qətər müttəfiqliyi üçün də siqnaldır. 
İsrail bununla HƏMAS liderlərinin sığınacaq tapdığı istənilən ölkə ərazisinin legitim hədəf olması fikrini psixoloji üstünlük kimi təqdim edir. Başqa yandan, İsrail kəşfiyyat əməliyyatları ilə Türkiyəni oyuna çəkir. Ehtimal ki, İsrail Türkiyənin Fələstində və İsrail ərazisində əməliyyatlarını sürətləndirəcək kəşfiyyat subyektləri ilə əlaqədar plana sahibdir. İsrail həmin kəşfiyyat əməliyyatlarını ifşa etmək, ardınca isə Türkiyənin İsrail ərazilərinə zərbə endirmək planını iddia kimi dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istəyir. 
2. HƏMAS Türkiyə üçün son nəticə deyil və dərin dövlətçilik tarixi olan Türkiyə hər an üçün çevik strategiya hazırlamaq gücündədir. Görünür ki, Türkiyənin HƏMAS-a dəstəyi onun Suriyadan sonrakı proseslərin məntiqi davamını Fələstində tamamlamağı üçün məqsəddir. Bu isə İsraillə Türkiyəni toqquşduran məqamı ifadə edir. 
İran onsuz da Yaxın Şərqdə zəif bənddir, üstəlik Livan hakimiyyətinin "Hizbullah"ı tərksilah etmək planını təsdiqləməsi ilə İran daha da zəif vəziyyətə düşür. İranın proseslərdən uzaqlaşması ilə yaranan strateji boşluqları Türkiyə doldurur. ABŞ ilə Türkiyənin birlikdə hərəkət etmək planları isə intensivəşdikcə, İsrail bundan çəkinməyə başlayır. Hərçənd ki, Yaxın Şərqdə Türkiyə və ABŞ-nin strateji maraqları fərqli meyarlara söykənir. 
Lakin ehtimal var ki, ABŞ Yaxın Şərqdə kürd silahlı dəstələri ilə bağlı planını dəyişsin. Bu, Suriya və İraqda Türkiyəyə qarşı silahlı müqavimət göstərən PKK filiallarının sonunu gətirəcək hadisədir. Türkiyə PKK-nın ləğvi kontekstini Suriya və İraqda tamamlasa, bu, onun strateji qələbəsinin davamını Fələstin münaqişəsində axtarmasına gətirib çıxaracaq. Bu mənada Türkiyənin HƏMAS-a dəstək mexanizmlərinin strateji qollarını həmin proseslərdəki səbəblərdə axtarmaq lazımdır. 
3. Ümumiyyətlə HƏMAS ilə İsrail arasında daimi və həqiqi atəşkəsin əldə edilməsi mümkünsüz variant kimi görünür. Üstəlik, iki tərəfin ideoloji yanaşmalarındakı radikallıq nümunələri də hərbi eskalasiyanın davam etməsinə təkan verir. 
İsrail buna görə də, HƏMAS-ı tamamilə ləğv etməyi qarşısına məqsəd qoyub, lakin burada geosiyasi tərəflərlə bərabər, hərbi çətinliklər də üzə çıxır.
Çünki HƏMAS hələ də İsrailə qarşı silahlı müqavimət imkanlarını qoruyub saxlayır. Bu, onun hərbi baxımdan yenidən təşkilatlana bilmək üçün operativ resurslara sahib olduğunu nümayiş etdirir.
Buna baxmayaraq, HƏMAS İsrail qarşısında zəif bənddir. HƏMAS-a verilən logistika və maliyyə dəstəklərinin aradan qalxacağı təqdirdə, təşkilatın gündəmi ləğv prosesi ilə silkələnəcək.



Aqşin Kərimov, 
Siyasi təhlilçi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31