Laçın şəhəri yalnız coğrafi deyil, həm də geosiyasi mərkəzə çevrilməkdədir
16:55 SiyasətTaleyin qismətimizə yazdığı gözəlliklərdən biri də budur ki, biz artıq azad edilmiş yurd yerlərimiz haqqında danışırıq. Onların tarixi, yaranması, təşəkkül və inkişaf prosesi, işğal dönəmi, nəhayət azad olunma faktı bizim mətnlərin təhlil, araşdırma predmetinə çevrilir. Onlardan biri də Laçındır.
Laçının tarixinə nəzər salsaq, qeyd etməliyik ki, 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb, Laçın rayonuna isə 1930-cu ildə inzibati ərazi vahidi statusu verilib. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. 1992-ci ilin mayın 18-də Azərbaycanın digər əraziləri kimi böyük strateji əhəmiyyətə malik Laçın rayonu da Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur.
İşğaldan sonra Laçın vandalizm və məhv prosesinin ağrılarını bütün yönləri ilə yaşayıb. Əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. Bütün bu işğal və dağıdıcılığın əlbəttə ki, arxa planında gizlin niyyətlər də yox deyildi. Həmin dönəmdə AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı. Hakimiyyəti istənilən yollarla ələ keçirmək üçün ən çirkin əməllərə də əl atmaqdan çəkinməyən sapı özümüzdən olan baltalar Şuşanı və Laçını demək olar ki, düşmənə təhvil verdi. Bu milli mənafe düşmənləri ehtikarlığın bütün miqyasını ehtiva etməkdən çəkinmədilər. Əlbəttə ki, hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi, amma Laçının işğalı strateji nöqteyi-nəzərindən böyük bir sınaq idi. Çünki Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında məhz Laçın vasitəsilə coğrafi əlaqə yaradılırdı və bizim sonrakı itkilərimizin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi oldu.
Nəhayət, tarixi ədalət zəfər çaldı. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Biz Laçını bütünlükdə azad etməklə strateji gücümüzü və üstünlüyümüzü bərpa etdik. Bütün bunlar Ali Baş Komandan İlham Əliyevin və qəhrəman əsgərlərimizin hünəri sayəsində gerçəkləşdi. Təsadüfi deyil ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8418 hərbi qulluqçusunu "Laçının azad olunmasına görə" medalı ilə təltif etdi.
Bundan sonra Laçının yeni inkişaf dönəmi başladı. Bütün azad edilmiş ərazilərimizdə olduğu kimi Laçın şəhəri də genişmiqyaslı bərpa-quruculuq işlərinin mərkəzinə çevrildi. Çıxışlarının birində Prezident İlham Əliyev qeyd edirdi ki, "Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər - hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun".
Laçının gözəlliyi, unikal mənzərələri onu Qarabağda fərqli bir məkana çevrilməsinə imkan vermişdir. Təbii ki, əsas məsələ bu unikallığı yenidən bərpa etmək, yaddaşlarda qalan yurd yerinin əzəli görünüşünə nail olmaq idi. Bu mənada, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi simvolik çalar kəsb edir. Sözügedən sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olunmuşdur. Bu tarixləşən günlər ona görə lazımdır ki, hər şəhərin öz metafizik obrazı yaransın, bütün diqqət və əməklər həmin şəhərin mahiyyətinə yönəlməklə yaddaşlı bir gələcək qurulsun.
Laçın rayonu bu gün strateji baxımdan ən mühüm ərazilərimizdən biridir. Rayonunun enerji potensialı çox yüksəkdir, yol-nəqliyyat infrastrukturu yenilənir və genişləndirilir. Burada hava limanının inşası bölgənin beynəlxalq status və əhəmiyyətini artırmaqla bərabər, həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanı 28 may 2025-ci ildə istifadəyə verilmişdir. Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək.
Hazırda Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərin, xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektlərinin də tikintisinin nəzərdə tutulması Laçın şəhəri ilə bağlı qarşıda dayanan mühüm işlərdəndir. Bütövlükdə Laçında 1000-dən çox yaşayış evi tikilib və bərpa edilib. Laçın şəhərində 626 fərdi ev, çoxmənzilli binada 138 mənzil, 87 qeyri-yaşayış sahəsi istifadəyə verilib. Hazırda şəhərdə 89 fərdi ev, 28 çoxmənzilli bina, 26 qeyri-yaşayış sahəsinin tikinti və bərpası davam edir. Eyni zamanda 237 fərdi ev və 29 çoxmənzilli binanın (436 mənzil) tikintisi planlaşdırılır. 2023-cü ilin avqustun 25-də Laçın rayonunda "Hoçazfilm" yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışı da buranı mədəniyyət ocaqlarından birinə çevirib.
Bu gün Laçın cənnətməkan zamanını yaşayır. Dağıdılanlar bərpa olunur, itənlər yerinə gətirilir, məhz edilənlər abadlaşır. Təsadüfi deyil ki, 2025-ci ilin 28 mayında - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümündə Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşü Laçın şəhərində baş tutdu. Bu, yalnız diplomatik bir hadisə deyil, regionda formalaşmaqda olan yeni geosiyasi nizamın rəsmi elanı idi. Zirvə görüşünün məkan olaraq məhz Laçında - işğaldan azad edilmiş ərazidə keçirilməsi olduqca simvolik və məqsədli idi. Bu addım, Azərbaycanın ərazi bütövlüyünün de-fakto və de-yure şəkildə tanınmasının, beynəlxalq platformalarda yeni postmünaqişə statusunun qəbulunun bariz ifadəsi sayılırdı.
Azərbaycan bu görüşlə beynəlxalq ictimaiyyətə mesaj verdi: müharibədən sonra yaranmış reallıqlar dəyişməzdir və işğaldan azad olunmuş ərazilər artıq sabitliyin, inkişafın və beynəlxalq əməkdaşlığın mərkəzinə çevrilib. Laçın, bu mənada yalnız coğrafi deyil, həm də geosiyasi mərkəzə çevrilməkdədir!
Elnarə Akimova
Milli Məclisin deputatı,
filologiya elmləri doktoru