Tarixi yaddaşımızdan heç vaxt silinməyən soyqırımı

Əbəs yerə deyilmir ki, hadisələrə ən böyük dəyəri zaman özü verir. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanın yaşadığı faciələr, üzləşdiyi təhlükələr tariximizin qara səhifəsi kimi daim vərəqlənir.  1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra  əsas diqqət göstərilən məsələlərdən biri Azərbaycan həqiqətlərinin təbliği, ölkəmizin ətrafında yaradılan informasiya blokadasının aradan götürülməsi idi. Real faktlara, tarixi həqiqətlərə söykənən təbliğatımızın nəticəsi olaraq işğalçı ermənilərin əsl simaları dünya ictimaiyyətinə bəlli oldu. Baxmayaraq ki, bəzi dünya güclərinin ikili standartlara əsaslanan siyasətləri nəticəsində ədalət, beynəlxalq hüquq maraqların arxasında qalmışdı, amma faktların dediyi  sön söz aparılan təbliğatların nə qədər əsassız olduğunu açıqladı.  Zaman-zaman himayədarlarının dəstəyi ilə azərbaycanlılara və türklərə qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirən ermənilər özlərini dünyaya "yazıq, məzlum, döyülən, əzilən" xalq, millət kimi təqdim edirdilər. Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılmasını qarşıya prioritet məsələ kimi qoyan Ümummilli Liderin xarici ölkələrə elə bir   səfəri yox idi ki, ermənilərin əsl siması faktlar əsasında beynəlxalq ictimaiyyətə çatdırılmasın. Azərbaycan düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində dünyaya bəyan etdi ki, ermənilər zaman-zaman özlərinə saxta tarix yazıblar, apardıqları yalan təbliğatın əksinə olaraq soyqırıma məruz qalan onlar yox, azərbaycanlılardır.

Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik "Böyük Ermənistan" ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmış, onlara qəsdən fiziki qüsurlar yetirlimişdir. Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar.Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər.

Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" Fərman imzalamışdır. Sözügedən Fərmanla martın 31-i "Azərbaycanlıların Soyqırımı Günü" elan edilmişdir. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyev 30 mart 1999-cu ildə Tədbirlər Planı təsdiq etmişdir. "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanın imzalanması faktı məsələ ilə bağlı aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Sözügedən Fərmandan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, habelə Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, erməni qəsbkarların xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlar arasında Xocalı soyqırımı xüsusi amansızlığına görə seçilir. Dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Lidise, Sonqmi, Ruanda kimi faciələrlə eyni sırada dayanan Xocalı soyqırımı zamanı vaxtilə 7 min nəfərdən çox əhalinin yaşadığı şəhər bir gecədə yerlə-yeksan edildi, qadın, uşaq və qoca demədən günahsız insanlar məhz azərbaycanlı olduqlarına görə qətlə yetirildi. Xalqımız 33 ildir ki, bu qanlı cinayətin - Xocalı soyqırımının mənəvi ağrısını, ağlasığmaz dəhşətlərini qəlbində, həyatında daşıyır. Bu gün Xocalı şəhidlərinin ruhları şaddır. Xocalı və işğaldan azad olunmuş bütün digər rayonlarımız tam azaddır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çoxəsrlik tariximizdə bənzəri olmayan Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam təmin olundu. Xocalı şəhəri separatçılardan təmizləndi. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xocalı şəhərində Azərbaycan  Bayrağını ucaltdı.

Tarixi inkar etmək, yalanlarla həqiqətlərə kölgə salmaq qeyri-mümkündür. Məhz  2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi illər boyu davam edən erməni yalanlarına birdəfəlik son qoydu.  İşğalçı Ermənistan nəhayət anlamalı idi ki, tarixi ədalətin,  beynəlxalq hüququn norma və prinsiplərinin öndə saxlanıldığı, informasiya mühitinin bütün dünyaya açıq  olduğu bir zamanda  yalan təbliğat aparmaq artıq mümkünsüzdür. Azərbaycan məhz Vətən müharibəsinin davam etdiyi   44 gündə həm döyüş meydanında,  həm də informasiya cəbhəsində malik olduğu imkanları nümayiş etdirdi, mənfur düşmənə əsl yerini göstərdi, dünyaya  mesajlarını ünvanladı.  Tarixi ədalət bərpa olundu. Regionda və dünyada yeni reallıqlar yarandı.

Son 21 ildən artıq dövrdə Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində atdığı addımlar davamlılığı ilə diqqətdədir. Erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci ildə "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncam imzalamışdır. Həmçinin dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2018-ci il ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilmişdir. Atılan hər bir addım Azərbaycanın informasiya cəbhəsində  üstünlüyünün qorunmasında, erməni yalanlarının ifşasında əhəmiyyətli rol oynayır. Hazırda azad edilmiş ərazilərimiz erməni vəhşiliklərinə şahidlik edir. Belə ki, ermənilər tərəfindən tamamilə dağıdılan, yerlə-yeksan edilən torpaqlarımız yenidən qurulur, bərpa edilir. Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəlir. Tezliklə xalqımız Qərbi Azərbaycana da qayıdışın sevincini yaşayacaq.

Səlim Rəhimzadə,
"Suraxanı Oyl S.A" Əməliyyat Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31