Arçutda (Ardıcda) yaşamış Ulu əcdadların ruhlarının yaşadılması naminə
30 Dekabr 2024 16:59 Siyasət"ARDIC" Hərəkatının təqdimatında
MÖVZU:
Qərbi Azərbaycanın tarixi Pəmbək mahalının Arçut kəndinin adının leksik mənası: azərbaycan - türk həqiqəti ("Ardıc"sözü) və erməni dilinin yalanı ("Ayı" sözünün tətbiqi)
İlk növbədə qeyd etmək yerinə düşər ki, coğrafi relyefindən irəli gələrək Arçut kəndində "Dərə və çay" sivilizasiyası mövcud olub. Dərəboyu yerləşən komlar, daxmalar bunu deməyə əsas verir. Çay, dərə və ağac kəndin toponiminin ("topos"-yunanca yer) formalaşmasında bir məkan kimi mühüm rol oynayıb. Yaşlı insanların yaddaşına görə kəndin keçmiş sakinləri kərə yağına pambığı batıraraq çıra düzəldərək, komların işıqlandırılmasında istifadə ediblər. Məlumdur ki, bütün dünya tarixşünaslığı yazır ki, yaşayış məskənləri, sivilizasiyalar baza olaraq çay kənarlarında, münbit ərazilərdə, dağ ətəklərində, meşəliklərdə, magistral yollara yaxın ərazilərdə və digər bu kimi faydalı, həuyat üçün yararlı məskənlərdə formalaşıb.
Bu aspketdə onu da vurğulamaq yerinə düşər ki, Arçut kəndində iki köhnə qəbirstanlıq çaya yaxındır. İlk sivilizasiyalarda, onun formalarında adətən qəbirstanlıq yaşayış məskənlərinə yaxın olur. Ardıcdakı ilk yaşayış məskənləri də qəbirstanlıqla çay arasındakı dərə boyu uzanıb. Məscid də çaya yaxın olub. Bu da onu deməyə əsas verir ki, Çay ətrafı sivilizasiya Ardıc sivilizasiyasının əsaslarını özündə əks etdirir. Məscidin yanı sonralar kəndin mərkəzi hissəsindən biri hesab olunub. Kənd getdikcə ətraflara doğru böyüyüb. Kənddəki elementlər-çay və meşə predmetləri, kəndin toponiminin (hidronim və trinonimin birləşməsi) formalaşmasında mühüm rol oynayıb.
Arçut adının kökündəki "Arça" sözü mənaca türk xalqlarının dilində həmin sözlə eyni məna kəsb edərək, sinonim söz kimi istifadə olunan "Ardıc ağacı" deməkdir. "Ut" isə müstəqil məna kəsb edən Yurd, yaxud da Rut(d)-farsca-çay, sözlərinin Arça sözünə birləşməsindən yaranan şəkilçi, məkan şəkilçisi rolunu ifadə edir. Yurt, yaxud da rut isimi Arça üçün sözdüzəldən lüksik şəkilçiyə dönüb. Bu baxımdan da qeyd etmək yerinə düşər ki, Arçut sözü tam leksik mənası və mənşəyi ilə Arçarut (Ardıc çayı), yaxud da Arçayurt (Ardıc ağaclarının məskəni, Ardıc meşəsi) deməkdir. Mürəkkəb sözlərdir. Söz birləşmələridir.
Arçut adı Arça (Ardıc ağacı) və Yurt(d), yaxud da Rut(d) -məkan, məskən, çay (axar çay) bildirən iki müstəqil məna kəsb edən sadə söz (isim) birləşmələrindən və bundan irəli gələrək formalaşan, meydana gələn və mənşə etibarilə mürəkkəb sözdür, isimdir. Lakin tələffüz zamanı Arça-yurt, Arça-rut sadələşib və bu birləşmədən, hərflərin ixtisar olunmasından kökündə Ardıcı (Arç-ı) saxlayan sadə Arçut isimi meydana gəlib. "Ut" burada sadə isim yaradan leksik şəkilçi mənasını ifadə edib.
Hal-hazırda Arçut müstəqil və sadə isim (isimdən düzələn isim) kimi ifadə olunur.
Adlanmalar, adların qoyuluşu, adların səslənməsi nəyəsə və kimlərəsə (obyektə və predmetə) söykənir. Hər bir adın leksik mənası digər elementlərlə müqayisədə, uyğunluqda və ziddiyyətlərdə formalaşır, düşüncələrdə ayrıd edilir. Bu baxımdan da leksik mənalar uyğun, eyni məna kəsb edən sinonimləri özündə əks etdirir. Bir sözün leksik mənasının sinonimlərinin qarşılıqlı uzlaşdırılması həmin sözün sistemini, oxşar mənalar kompleksini yaradır. Bu da özlüyündə anlayışlı, oxşar qavramanı və məntiqi dərketməni cəmləşdirir. Qavramada və anlayışlarda mərkəzləşməni meydana gətirir. Burada bir haşiyə çıxmaq, mətləbdən azacıq əsaslarda uzaqlaşmaq yerinə düşür. Məlumdur ki, leksikologiya var. Elmi izaha əsasən, Leksika dilin lüğət tərkibini təşkil edir. Leksika yunan sözüdür. Dil haqqında təlim deməkdir. Sözün birbaşa ifadə etdiyi mənaya onun leksik mənası deyilir. Leksik məna onun məzmununu bildirməsi, hər hansı bir anlayışı ifadə etməsidir. Leksik məna toponimin mahiyyəti və mənşəyi üçün məxsusi şərtləndirici element rolunu oynayır.
Məlumdur ki, hər bir məhlənin, kəndin, qəsəbənin, şəhərin, bölgənin, zonanın, ərazinin, çayın, gölün, dəniz və okeanların, eləcə də ölkənin adının, ümumiyyətlə, bütün toponimlərin (yer və onun adının) leksik mənası, yəni ilkin ifadə, kök və söykənəcək mənası, məzmunu həmin məskənin coğrafi şəraitinə, coğrafi varlığına, coğrafi xüsusiyyətlərinə, iqlim şərtlərinə və subyektlərə, obyektlərə söykənir. Xalqın, şəxsin, nəslin, tayfanın, fərdin adı ilə də toponim meydana gəlir. Ad ada şərt olur, səbəb verir. Əsasları özündə daşıyır. Məsələn, Arçutda "Məşədilərin yurdu (binəsi)", "Qolgödəyin yalı" və s. şəkilində adlanan toponimlər, söz birləşmələri mövcuddur. Eləcə də toponim adlar təbiət hadisələri ilə, həmçinin cəmiyyətdə baş vermiş hadisələrlə də əlaqələndirilir. Məsələn, Arçuta yaxın ərazidə "Hüseyn ölən qılıc", kəndin yaylağında "Hənfətoylan" deyilən toponim var. Həyatda mübariz olan, şücaət göstərən, qəhrəmanlıq edən, mühüm xidmətləri olan şəxslərin, o cümlədən el-oba rəhbərlərinin, liderlərinin adları da müəyyən məkanlara, obyektlərə həkk olunur. Bu aspektdə bir faktı qeyd edə bilərik ki, Arçutda "Xan Vəlinin çökəyi" deyilən yer var. Şəxsi adlarla bağlı toponimlərə antrotoponim deyilir. Belə faktlar çoxluq təşkil edir. Toponimlər şüuru, diqqəti yönəldən, ruhu və fəaliyyəti yönləndirən elementləri özündə ehtiva edir. Düşüncələri, baxışları bir mərkəzdə koordinasiya edir. Toponimlər canlı və cansız aləmi bir-birinə ruhən və cismən bağlayır. Bu yöndə öz mahiyyətində mənəviyyatı və fizikanı ifadə edir. Toponim tarixin müəyyən olunmasında baza elementlər kimi çıxış edir.
Məkanı əhatə edən coğrafi elementlər həmin məkanın xassəsini özündə ehtiva edir. Sakinlər, camaat, məskənin əhalisi, xalqı, etnik qrupu, tayfası, nəsli öz ruhlarında, nəfəslərində, danışıqlarında həmin məskəni adlandırır və şüurlara, dərketməyə hopdurur. Anlayışın əsas obyektinə çevirir. İrsi tanıtım və dərketmə funksiyasını yerinə yetirir. Toponim ictimai və mədəni əsaslı şəxsiyyətin formalaşmasını özündə daşıyan fenomen rolunu oynayır. Leksik məna əsas mənbədir və adın baza xassələrini özündə ifadə edir. Diqqəti tarixə yönəldir, mənsubiyyəti təsdiqlədir. Yaşayış və qeyri-yaşayış məskənlərinin adları yazılı və şifahi olur. Yazılı adlar daha çox inzibati əsaslıdır. Şifahi adlar isə deyimlərdə əks olunur. İnzibati xassə almaya bilər. İnzibati formaya düşmüş adlar yerli xəritələrdə əksini tapa bilir. Hər bir məkana, yaşayış məskəninin ətrafındakı məkanlara (dağlara, yamaclara, bataqlıqlara, çaylara, gölməçələrə, şəlalələrə, düzənliklərə və enişlərə, yoxuşlara, yamaclara və s.) verilən adlar böyük və kiçik xəritələrdə, inzibati dəftərlərdə qeyd olunur, göstərilir. Məsələn, Ardıc çayı rəsmən Arçut çayı kimi regionun topoqrafik xəritəsində var. Pəmbək çayının qolu kimi xəritədə öz əksini tapır. Adlar topoqrafik (kartoqrafik) xəritələrdə (iri miqyasda tərtib olunan coğrafi xəritələrdə), eləcə də ümumcoğrafi xəritələrdə, müxtəlif miqyaslarda əksini tapır. Toponimikaya görə, makrotoponim (böyük coğrafi adlar) və mikrotoponim (kiçik coğrafi adlar) deyilən yanaşmalar var. Xəritələri də bu kimi tiplərə, növlərə ayırmaq olar.
Ola bilər ki, şifahi olaraq ruhlarda yaşayan toponim adların hamısı xəritələrdə olmasın. Yəni təsvirə və yazıya həkk olunmasın. Bu, topoqrafik xəritələrin miqyası və mikro və makro xassələri ilə bağlıdır. Lakin şifahi olaraq, deyim şəkilində sakinlərin, camaatın ruhunda, sözündə özünü ifadə edir. Toponimlər qruplaşır. Heyvan mənşəli (buna zoonim demək olar), bitki mənşəli, torpaq və iqlim mənşəli, litosfer və hidrosfer mənşəli, yaşayış yeri mənşəli və s. olur. Bu baxımdan da toponimləri elmdə bu kimi növlərə ayırırlar: aqoronim-meydan adları; astionim-şəhər adları; drinonim-meşə adları; drimonim-palıd meşəsi adları; dromonim-nəqliyyat yollarının adları; hidronim-çay adları; qodonim-küçə adları, oronim-dağ adları, etnonim- xalq adları; oykonim-yaşayış yeri adları və s. Toponim beynəlxalq aləmdə qəbul edilən bir termindir. Bu baxımdan da bütün dünya elmində qəbul olunur və universal dərketmənin əsaslarını ortaya çıxardır. Quş mənşəli toponimə poulinim (yun.pouli-quş) demək olar. Məsələn, Ardıcda "Qaraquş yuvası" deyilən quş adı ilə bağlı olan toponim var. Oykonimin bir tərkibi də komonimdir. Bu, çox maraqlı termindir, belə ki, komonim adı altında kənd, yaşayış məskəni və qəsəbənin adlanması nəzərdə tutulur. Belə bir elmi yanaşma var ki, komonimlər toponomikanın əsas tərkiblərindən biri olaraq, tarixi, təbii-elmi, etnoqrafik və linqvistik informasiyaların mənbəyi kimi çıxış edir.
Toponimlər də bir-birini şərtləndirir. Məsələn, Arçut kəndinin oykonimi "arça" ("ardıc ağacı"ndan) götürülüb. Bu yöndə oykonim drinonimə, yəni mənşə, ilkin ifadə adına söykənir. Bu sözün oykoniminin mürəkkəb əsası isə həm drinonim, həm də hidronimdır(çay adı). Həm də oykonimi elə drinonim və toponimin özüdür. Sadə dillə ifadə etsək, meşə, ağac məkanı deməkdir. Ardıc ağacı oniminin toposudur, yəni məkanıdır. Arçut kəndinin oykonimini möhkəmləndirən komonimlər kifayət qədərdir. Komonimlər adın türk mənşəli olmasını sübuta yetirir.
Toponim mədəni yaddaşın, irsi yaddaşın, milli və etnoyaddaşın həkk olunması ilə öz pozitiv funksiyasını yerinə yetirir. Yaddaş yaşadılır və irsən, nəsillərə ötürülür. İnsanı, xalqı, tayfanı, nəsli məkana bağlayır. Tarixin yaşadılması funksiyasını özündə ehtiva edir. Oykonimin bir müsbət xassəsi də ondan ibarətdir ki, bu ad, termin ilkin və ardıcıl mənsubiyyəti, məxsusluğu özündə cəmləşdirir. Oykonimə sahib çıxmaq, ilkin mənşə ad baxımından yiyələnmək məkanın əsil erkən, mənşə sahiblərinin kimliyini özündə ehtiva edir. Bu da özlüyündə vətənpərvərlik, doğmalıq hissini meydana gətirir.
Əlavə olaraq qeyd edək ki, elmi lüğətə əsasən, toponim yunan sözü olub yer və ad birləşməsi deməkdir. Yerdəki təbii obyektin və ya Yer üzündə insanın yaratdığı obyektin xüsusi adını bildirən onimlər (onim-ad-adını çəkdiyi obyekti digər obyektlər arasında vurğulamağa, fərdiləşdirməyə və eyniləşdirməyə xidmət edən söz, ifadə və ya cümlə) kateqoriyasıdır. Toponimləri onomastikanın bir qolu olan toponimika elmi öyrənir. Lüğətə əsasən, Toponomika -coğrafi adları, toponimləri, onların mənasını, quruluşunu, mənşəyini və yayılma arealını öyrənir. Toponimlərin müxtəlif növləri var. Onlardan biri də əvvəlcə sadaladığımız kimi yaşayış yeri adlarını bildirən oykonimdir.
Arçut kəndi Qərbi Azərbaycanda tarixi Pəmbək mahalında yerləşir. 1988-ci ilin dekabr ayının 11-15 aralığına qədər təmiz Azərbaycanlıların yaşadığı kənd olub. Kənddə yalnız iki qardaşdan ibarət olan bir erməni tayfası yaşayıb. Onlar da azərbaycanlılara assimilyasiya olublar və azərbaycan dilində təhsil alıblar, müsəlmançılığı qəbul ediblər. Azərbaycanlıların adət-ənənələri ilə həyat sürüblər. Müsəlman dininin adət-ənənələri ilə yaşayıblar. Onlar da azərbaycanlılar kimi 1988-ci ilin dekabrında kəndi tərk etmək məcburiyyəti ilə üzləşiblər, deportasiyaya məruz qalıblar.
Arçutun tarixi çoxəsrlikdir. İlk məskən haqqında hələlik dəqiq məlumat yoxdur. Geniş araşdırma tələb edir. Lakin tarixdə belə bir fakt var ki, 12-ci Osmanlı Padşahı III Muradın (doğum tarixi 1546; ölüm tarixi-1595) dövründə Loru Bəylərbəyliyi üç sancağa ayrılmışdır. Pəmbək sancağının kəndlərindən, yaşayış məskənlərindən biri də Güneyli Arçut Yenicə olmuşdur. Məlumdur ki, bu dövrə qədər Pəmbək zonası Səfəvilərin nəzarətində olub. 1590-cı ildə imzalanmış İstanbul müqaviəsi ilə Osmanlı imperiyasının tərkibinə daxil olub. Tarixdə o da var ki, 1728-ci ildə Osmanlılar bu dörd vilayəti birləşdirərək Tiflis əyaləti adlandırıblar.
Tiflis əyalətində tərəkəmələrin (qarapapaq türklərinin) yaşadıqları yerlərdən biri də Pəmbək ərazisi idi. Arçutda qarapapaq türklərinin məskunlaşması da adi bir hal idi. Kənd haqqında tarixi faktlar çoxdur. Belə bir statistik məlumat var ki, 1831-ci ildə kənddə 137 nəfər azərbaycanlı yaşayıb. O tarixi faktlar da mövcuddur ki, ermənilər özləri də etiraf edirlər ki, səlcuqların Pəmbək zonasında mövcudluğu orta əsrlərə gedib çıxır. Arçutun yerləşdiyi Pəmbək zonası qarapapaq türklərinin məskunlaşma coğrafiyası ilə də bağlıdır. Tarixdə belə bir qeyd də var ki, 1828-ci ildə imzalanan Türkmənçay müqaviləsindən sonra Gürcüstan və Ermənistan sərhəddi boyunca məskunlaşan qarapapaqların bir hissəsi Qacar imperiyasına, bir hissəsi isə Osmanlı imperiyasına köç etmişdir. Sonradan öz doğma yurdlarına geri qayıdanlar da olmuşdur. Bu tarixi faktlar onu deyir ki, Qarapapaq türklərinin yayıldığı coğrafiyada yerləşən Arçut kəndi bir-birini əvəzləyən köçlə üzləşmişdir. XX əsrin əvvəllərində də kənd kütləvi şəkildə Osmanlı dövlətinin Qars bölgəsinə köç etmişdir və bu gün də kəndin bir qolu Türkiyədə yaşamaqdadır.
Araşdırma nəticəsində məlum olmuşdur ki, Arçut və Ardıc adlarında Qafqazda bu kimi yaşayış məskənləri var: Pəmbək Mahalında yerləşən Arçut kəndi; Laçın rayonundakı Arduşlu (Ardıclı) kəndi; Quba rayonunda Ördüc (Ardıc) kəndi; Qusar rayonunda Arçan (Ardıc məkanı) kəndi; Dağıstanda Arçutta (Arçut) kəndi. Türkiyənin Girəsun ilində Ardıç kəndi var. Belə adda daha bir kənd də Tunceli ilinin Pertek ilçəsində də mövcuddur.
Fikrmizi Dağıstanda yerləşən Arçutta (Arçut) kəndi ilə davam etdirək. Bu kənd də Pəmbək mahalındakı Arçut kimi Ardıc ağacı məfhumunu öz toponimində, oykonimində, yəni yaşayış adında əks etdirir. Yəni müəyyən olunan Ardıc kəndləri içərisində məhz bu kəndlər də Arçut adı ilə Ardıc adlarını özlərində ifadə edirlər. Vikipedia məlumatına əsasən, Arçutta kəndi Dağıstanın Lak rayonunda yerləşib. 1971-ci ildə ləğv olunub və Xurin kənd sovetliyinə daxil edilib. Arçutta haqqında lakskysite.ru saytı 15 sentyabr 2015-ci ildə maraqlı bir yazı ilə çıxış edib. Yazıya əsasən, XIX əsrin sonlarına yaxın kənddə təxminən 160-170 nəfərdən ibarət əhali yaşayıb. Yazıda qeyd olunur ki, kəndin əsasını vaxtilə üç qardaşdan biri olan Arçu adlı şəxs qoyub. sinonim.org saytının verdiyi məlumata əsasən, Arçu adının mənalarından biri də Ardıc ağacıdır. Çünki kənd həm də meşəliklərdə yerləşir. Kəndin yanından çay axır. Lakçılar haqqında Vikipedia belə bir məlumat verir ki, lakçılar "Qumuqlar", yaxud da "Qazıqumuxlar"dır. Daha bir vikipedia məlumatına əsasən, Qumuqlar Dağıstan, Çeçenistan, Şimali Osetiyada yerli bir xalqdır. Şimali Qafqazda türk xalqları içərisində sayca ən çox olanıdır. Qumuqlar qıpçaq dil qrupuna daxil olan xalqlardır.
Ardıc ağacı mənasını özündə daşıyan daha bir kənd Azərbaycanın Qusar rayonunda yerləşən Arçan kəndidir. Kəndin foto şəkillərindən görünür ki, yaşayış məskəni Ardıc ağacları ilə əhatə olunmuşdur.
Ardıc ağacı mənasını özündə ehtiva edən daha bir kənd Azərbaycanın Laçın rayonunda yerləşir. Vikipedia məlumatına əsasən kəndin əvvəlki adı Ardıclı olub. İndi Arduşlu deyə, çağırırlar. Məlumdur ki, Ardıc ağacının türk dilində adlarından biri də Ardış, yaxud da Artışdır. Vikipedia məlumatına əsasən, toponimikasındakı Oykonim "ardıc ağacı çox olan yer", "ardıc bitən yer" deməkdir.
Ardıc ağacını mənasını özündə kəsb edən, isbatlayan növbəti bir kənd isə Azərbaycanın Quba rayonunda yerləşən Ördüc kəndidir. Vikipedia məlumatına əsasən, oykonimi "ardıc ağacı bitən yer" mənasındadır. Kənd həqiqətən də Ardıc meşəsi yaxınlığındadır. Yerli əhalinin dilində ördüc ardıc ağacına deyilir.
Buradan görünür ki, Ardıc və Arçut yaşayış məskənlərinin toponimikasında olan Oykonim başlıca olaraq drinonimdir. Yəni, ağac və meşə mənşəlidir. Arça dedikdə, bu kəndlərdə və digər formalı məskənlərdə yaşayan əhalinin dilində Ardıc ağacı başa düşülür.
Belə bir məsələ diqqəti çəkir: - Arçut və Arçutta sözlərindəki ut və utta sonluqları nə üçündür. Təbii ki, belə qəbul etmək olar ki, "ut" ya türk dilində yurd(t)-məmləkət, ölkə, vətən, məskən, doğulduğu yer, ya da fars dilində rut(d)-dur. Bu məsələyə məqalə başlığında toxunulub. Məsələn, Dağıstanda Xasavyurt rayonu var. Mürəkkəb isimdir. Azərbaycanda Hadrut rayonu var. Vikipediyaya əsasən, Hadrut(d) sözünün mənası oykonim İran dillərindəki ha "ara", dü "iki" və rud "çay" komponentlərindən düzəlib. Mənaca " iki çayın arası" deməkdir. Arçut sözündəki "Arç" mənasına əlavə edilən "ut" şəkilçisi bu baxımdan ya yurt, ya da rut-dur. Bu prinsipcə mənası "Ardıc ağaclarını məskəni", yaxud da "Ardıc ağacının çayı" deməkdir. Onu da nəzərə almaq lazımdır ki, hər iki Arçut kəndindən çay axır.
Erməni dilinin ziddiyyəti nədən ibarətdir: Erməni dilində Arçut sözünün kökündəki "Arç" sözü "ayı" mənasını verir. Arçuk isə ayı balasıdır. Lakin "ut" sözü onlarda daha çox səkkiz ədədinə verilən addır. Müstəqil sadə isim kimi səkkiz rəqəmini ifadə edir. Bu da özlüyündə ziddiyyətləri ortaya qoyur. Çaşqınlıq yaradır. Əgər erməni dilində bu, yəni Arçut adı "səkkiz ayı" mənasını ifadə edirsə, onda sözdə ədəd birinci gəlməlidir. "Arçut" sözü "Utarç" yazılmalıdır. Erməni dilində məkanı bildirən sözlər daha çox -kert (Mardakert, Stepanakert və s.), bert (qala, şəhər) sözləridir. Məsələn, Ermənistanın Tavuş vilayətində qala mənasını verən Berd şəhəri var. Şəhərin əvvəli adları mürəkkəb adlar olaraq Tovuz qala, Tovuz kənd, Qalakənd olmuşdur.
Əlavə olaraq qeyd etmək yerinə düşər ki, erməni dilinin sözdüzəldici şəkilçiləri arasında "ut" şəkilçisinə ras gəlinmir.
Pəmbək mahalındakı Arçut sakinləri öz kəndlərinə tələffüz zamanı yumşaldıcı şəkildə Arçud, yaxud da Arcut da deyirdilər.
Tarixdən məlumdur ki, Qafqaz ərazisi tarixən İran, Səfəvi, Osmanlı və Rusiya imperiyalarının nəzarəti altında olub. Belə qəbul etmək olar ki, Arça sözünə əlavə olunan Yurd(t), yaxud da Rut sözü də məhz fars və osmanlı mənşəyini özündə ifadə edir.
Elşən Misir oğlu Nəsibov
Siyasətşünas -alim. Yazıçı-publisist. Qərbi Azərbaycan İcmasınn üzvü. "ARDIC" Hərəkatının təsisçisi və məsul katibi
25 -26 dekabr 2024-cü il