İran-Azərbaycan münasibətləri şübhəsiz ki, yüksələn xətlə inkişaf edəcək- ÖZƏL
12 İyul 2024 17:03 Siyasət"Məsud Pezeşkiyanın dövründə İran-Azərbaycan münasibətləri şübhəsiz ki, yüksələn xətlə inkişaf edəcək. Əvvəlki hökümətlərin dövründəki kimi olmayacaq. Bu, gözlənilən hadisədir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib:
"Məsud Pezeşkiyan Azərbaycan türküdür və öz çıxışlarında da dəfələrdə azərbaycanlıların mövqeyini müdafiə edən açıqlamalar verir. Qarabağ müharibəsi zamanı bildirmişdi ki, Qarabağ Azərbaycan torpağıdır. O, Azərbaycanın haqq işini müdafiə edib. Bu mənada şüphəsiz ki, Pezeşkiyanın prezident seçilməsi bizim üçün də sevincidirici haldır ki, İranda Azərbaycan türkü olan şəxs prezidentliyə gəldi. Verilən ilkin açıqlamalar bunu göstərir ki, ən azından əvvəlki hökümətlərin dövründəki kimi olmayacaq. Açıq şəkildə deyim ki, İranda islahatçılar hakimiyyətdə olduğu zaman biz, mühafizəkarlara nisbətən Azərbaycan-İran münasibətlərində ikitərəfli münasibətlərin şahidi olmuşuq. İslahatçıların prezidentliyi dövründə daha səmimi münasibətlər olub. Düzdür, İranda prezident xarici siyasəti müəyyənləşdirən şəxs deyil, amma hər halda İrandakı prezident icraçıdır. Onun bu siyasəti necə icra etməsi daha önəmli məsələdir. Bu mənada münasibətlərdə radikal dəyişikliyi gözləməyək. Sadəcə olaraq münasibətlərin inkişafı baxımından mühüm irəliləyişlər əldə edilə bilər. Hal hazırda Pezeşkiyanın və onun höküməti Azərbaycanla münasibətlərdə çox isti münasibətlər yaradacaq. İbrahim Rəisinin dövründə olan layihələr davam etdiriləcək və yeni məsələlər də müzakirə olunacaq. Eyni zamanda Pezeşkiyanın hökümətində təmsil olunacaq şəxslərin bəzilərinin adları artır bəllidir. Azərbaycana isti münasibəti olan şəxslərdən söhbət gedir. Bu da bizim üçün yaxşıdır. Biz hər zaman Azərbaycan olaraq İranla mehriban dostluq münasibətlərinin qurulmasının tərəfdarı olmuşuq. Belə bir münasibət qurulacaqsa, biz buna ancaq şad olarıq".