Pakistan bütün anlamlarda Azərbaycana dost və qardaş ölkədir- ÖZƏL
11 İyul 2024 18:34 Siyasət"Pakistan bütün anlamlarda Azərbaycana dost və qardaş ölkədir. Bu ölkəyə rəhbərlik edən şəxslər də həmişə Azərbaycana çox mehriban münasibət göstəriblər. Ümumiyyətlə, azərbaycanlılara və bütün dünya türklərinə pakistanlılar həmişə mehribanlıqla yanaşıblar. Şəxsən özüm 10 illərdir, özəlliklə də beynəlxalq platformalarda, Pakistandan olan media və vətəndaş cəmiyyəti təmsilçilərinin dəstəyini həmişə görmüşəm, hiss etmişəm. Yəni elə məsələlər olub ki, onların həllində kənar dəstəyə ehtiyac duyulub".

Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:
"Bu zaman hamıdan öndə bizə dəstək verən Pakistan olub. Eyni zamanda, Azərbaycanın haqq davasında Pakistan həmişə BMT- dən üzü aşağı bütün beynəlxalq qurumlarda yanımızda olub. Pakistan özünü Azərbaycandan ayrı hiss etməyib və etdirməyib. Azərbaycan nə deyibsə, Pakistan həmişə hə deyib, Azərbaycanla birlikdə bizim mübarizəmizə öz töhfəsini verib. Eləcə də Azərbaycan Respublikası, qardaş Pakistan dövlətinə və xalqına həmişə mehriban yanaşıb, onların qayğılarını öz qayğıları kimi qəbul edib. Özəlliklə də Cammu və Kəşmir məsələsində Azərbaycan dövləti Pakistanın mövqeyini dəstəkləyir. Necə ki, Pakistan Qarabağ məsələsində birmənalı şəkildə Azərbaycanın yanında idi, biz də Azərbaycan dövləti olaraq Kəşmir məsələsində Pakistanın yanındayıq və o torpaqların məhz Pakistan torpaqları olması, Kəşmir müsəlmanlarının azadlığa qovuşması üçün biz də öz töhfəmizi veririk. Təbiidir ki, yalnız bu məsələlər bizi yaxınlaşdırmır. Ümumiyyətlə, Pakistan özü bu günlərdə uzun illər böyük türk coğrafiyasının bir parçası olub. Günü bu gün də Pakistanda türk izləri qalmaqdadır və təbiidir ki, türk coğrafiyasının bir parçası olan Pakistan özünü bizdən ayrı hiss edə bilməz. İstəsələr də, istəməsələr də, insanların içində, qəlbində bizə bir bağlılıq var. Yəni bu bağlılıq əlbəttə ki, o, qədim tarixdən doğur, qaynaqlanır. Eyni zamanda da günümüzdə Azərbaycanla Pakistan beynəlxalq platformalarla birlikdə çıxış edirlər, xalqlarımız bir-birini çox sevir, çox yaxınıq, mədəniyyətimizi, musiqimizi qarşılıqlı şəkildə çox sevirik. Bütün bunlar bizi bir-birimizə bağlayan bağlardır. Azərbaycan Prezidentinin də bu gün Pakistanda o təmtəraqla qarşılanması elə bu dediklərimin bir sübutudur. Yəni günün birində Pakistanın Türk Dövlətləri Təşkilatına müşahidəçi üzvü olacağını da proqnozlaşdıra bilərik. Dediyim kimi, qədim türk coğrafiyasının bir parçası olan Pakistan özünü bizdən ayrı hesab etmir. Elə biz də onları özümüzdən ayrı hesab etmirik".