Azərbaycan-Pakistan münasibətlərinin inkişaf perspektivlərinin önü tamamilə açıqdır- ÖZƏL

"Azərbaycan-Pakistan münasibətləri həmişə dostluq və qardaşlıq prizmasından inkişaf edib. Azərbaycan-Pakistan dostluğu ötən əsrin əvvəllərinə-Hacı Zeynalabdin Tağıyevin dövrünə gedib çıxır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib:

"Hacı Zeynalabdin Tağıyev vaxtı ilə Pakistana humanitar yardım göstərib. Pakistanda ingilislərin müstəmləkəsi olan dövrdə yoluxucu xəstəliklər yayılmışdı. Həmin xəstəliklərin nəticəsində də çoxlu insan tələfatı mövcud idi. Hacı Zeynalabdin Tağıyev öz şəxsi vəsaiti hesabına yetərli miqdarda vaksin alaraq Pakistana göndərib və xəstəliyin qarşısı alınıb. Bu gün də Hacı Zeynalabdin Tağıyev Pakistanda hörmət göstərilən və sevilən şəxsiyyətlərdəndir. Ondan sonrakı dövrdə də Pakistanın həmişə Azərbaycana münasibəti yalnız dostluq və qardaşlıq səviyyəsində olub. Azərbaycanın müstəqilliyinin elan olunması dövründə də Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərin sırasında yer alıb. Müstəqillik dövrünün sonrakı illərində də dostluq, tərəfdaşlıq münasibətləri ən yüksək səviyyədə inkişaf etməkdə davam edib. Eyni zamanda Pakistan siyasi dairələri həmişə bildiriblər ki, Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü müdafiə edirlər və "3 qardaş dövlət" modeli ilə münasibətlərin daha da dərinləşdirilməsində maraqlı olduqlarını rəsmən bəyan ediblər. Hazırda bu münasibətlər ən yüksək səviyyədədir və bundan sonra da bu cür davam edəcəyi qətiyyən şüphə doğurmur. Pakistanın Qarabağ məsələsində də Azərbaycana dəstəyi inkarolunmaz reallıqdır. Biz, son illərdə müşahidə edirik ki, Azərbaycanla Pakistan arasında həm iqtisadi-ticari, həm də hərbi-siyasi münasibətlər inkişaf etməkdə davam edir. Belə görünür ki, həm beynəlxalq səviyyədə, həm də ikitərəfli münasibətlərdə Azərbaycan-Pakistan münasibətlərinin inkişaf perspektivlərinin önü tamamilə açıqdır və yaxın gələcəkdə də bunun böyük uğurlar gətirəcəyi qətiyyən şüphə doğurmur".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31