Azərbaycan və Pakistan münasibətlərinin böyük tarixi var- ÖZƏL
11 İyul 2024 16:22 Siyasət"Azərbaycan və Pakistan münasibətlərinin böyük tarixi var. Bizi çoxtərəfli qardaşlıq birləşdirir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib:
"Hər zaman Azərbaycan Pakistanın, eyni zamanda Pakistan da Azərbaycanın haqq işini müdafiə edib. Pakistan Azərbaycana dünyada ən yaxın olan dövlətlərdən biridir. 44 günlük Vətən Müharibəsində də, ondan əvvəl və sonra da biz, Pakistanın dəstəyini görmüşük. Burda ən gözəl nüans isə Pakistanda hansı hökumətin hakimiyyətdə olmasından asılı olmayaraq, yəni siyasi qüvvələr fərqli ola bilər, heç vaxt Azərbaycana qarşı münasibətinin dəyişməməsidir. Hər zaman Azərbaycanı dəstəkləyib, yanında olub və Azərbaycana münasibəti isti olub. Eyni zamanda Azərbaycan da öz qardaşlıq dəstəyini Azərbaycandan əsirgəməyib. Təbii ki, bunun böyük tarixi var. Hacı Zeynalabdin Tağıyevin Pakistanla bağlı məşhur xeyriyyəçilik əməlləri, Azərbaycanın Kəşmir məsələsində Pakistanı, Pakistanın Qarabağ məsələsində Azərbaycanı daim müdafiə etməsi, iki dövlətin bir-biri ilə iqtisadi əlaqələrini, dostluq münasibətlərini güclü saxlaması amilləri Azərbaycan-Pakistan münasibətlərinin yüksələn xətlə inkişaf etməsində böyük əhəmiyyətli rol oynamışdır. Bu əlaqələr xüsusilə də dövlət başçısı Cənab İlham Əliyevin hakimiyyəti dövründə daha da güclənmişdir. Cənab Əliyevin xarici siyasətində Pakistan və Pakistanla əlaqələr xüsusi yerdə durur. Pakistanla ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində səylər davam etdirilir. Hazırda qarşılıqlı səfərlərin təşkil olunması, bu yaxınlarda dövlət başçısının Pakistanın Baş naziri Şahbaz Şəriflə keçirdiyi görüş və səsləndirdiyi fikirlər də bu məsələdə müsbət rol oynamışdır. Əlaqələr inkişaf edir, qarşılıqlı səfərlər müstəvisində daha da güclü atmosfer yaranacaq. Pakistan Azərbaycana dünyada ən yaxın ölkələrdən olmağa davam edəcək. İkitərəfli münasibətlər daha da güclü şəkildə inkişaf edəcək və bu, hər iki dövlətin yararı üçündür".
Qiymət Mahir