Azərbaycan bütün səmimi platformalara açıqdır-Xəyal Bəşirov- ÖZƏL

"Uzun müddətdir müzakirə olunan NATO-nun 75 illik yubiley sammitində Azərbaycanın nümayəndə heyəti XİN rəhbəri Ceyhun Bayramovun rəhbərliyi altında iştirak etdi".

Bu fikirləri Olaylar.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov deyib:

"Amma Ermənistanın da bu tədbirdə iştirakı müəyyən qədər absurdluq formu yaradır. Nə üçün? Çünki Ermənistan Azərbaycan kimi bloklara qoşulmayan dövlət deyil. Ermənistan KTMT-yə üzv olan dövlətdir. Bu gün NATO-ya rəqib təşkilat olan KTMT-yə üzv olan dövlətin NATO-nun sammitində iştirakı təbii ki, qeyri-səmimi görünür. Buna baxmayaraq NATO-ya rəhbərlik edən qüvvələr bu addımı atdılar və Ermənistanın bu prosesdə iştirakına heç bir reaksiya göstərmədilər. 
Gəlin, Gürcüstana, Azərbaycana və Ermənistana münasibətə diqqət yetirək. Gürcüstanda bir qanunun qəbul edilməsinə görə, artıq Qərbdə Gürcüstana qapıları bağlamaq istəyirlər. Ermənistan nəinki hansısa qanunu qəbul edir, əksinə uzun illər ərzində KTMT-yə üzv dövlətlər tərəfindən silahlandırılıb. Baxmayaraq ki, Ermənistan Cənubi Qafqazda işğalçı dövlət kimi tarixə düşüb, Azərbaycan və Gürcüstandan fərqli olaraq işğalçılıqla tanınıb, bu gün Azərbaycanla paralel şəkildə Ermənistanın ora dəvət edilməsi bizdə narahatlıq doğurur. 
Hər halda nəzərə almalıyıq ki, Azərbaycan bütün səmimi platformalara açıqdır. Baxmayaraq ki, onların qeyri-səmimi mövqeləri var, bizə münasibətdə və keçmiş münaqişə ilə bağlı prosesin yekunlaşmasına münasibətdə müsbət töhfə göstərmək niyyətləri varsa, düşünürəm ki, bu, həmişə olduğu kimi indidə Azərbaycan tərəfindən doğru dəyərləndirilir.  NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina ilə Ceyhun Bayramovun görüşünün keçirilməsi, NATO ilə Azərbaycan arasında əlaqələrin gücləndirilməsi, inkişafı baxımından təbii ki, proses həmişə Azərbaycanın diqqətində olub. Azərbaycan "Sülh Naminə Tərəfdaşlıq" proqramının iştirakçısı olub və bu prosesdə Azərbaycanın böyük uğurları var. Azərbaycan bütün beynəlxalq öhdəliklərinə əməl etdiyi kimi bu öhdəliyinə də ciddi şəkildə riayət edir, sadiqliyini nümayiş etdirir. Biz, NATO-nun reallaşdırdığı bir sıra tədbirlərdə iştirak etmişik. Bura təhlükəsizlik tədbirləri, sülhməramlı missiya ilə bağlı məsələlər və bir sıra digər proqramları aiddir ki, Azərbaycan bu proqramlara müsbət töhfə verib. Təbii ki, bundan sonra da Azərbaycan onun maraqlarına, Cənubi Qafqazda formalaşdırdığı yeni reallıqlara zidd olmayacağı təqdirdə istənilən əməkdaşlığa yenə də hazır olacaq. Bu, bizim dövlətimizin siyasətidir. Hər bir halda qarşı tərəflər də unutmasınlar ki, Azərbaycana, onun maraqlarına, dövlətçiliyimiz, xalqımıza qarşı istənilən addım, proses Azərbaycanın sərt reaksiyası ilə qarşılaşacaq. Bu, bizim dövlətimizin yürütdüyü siyasətdir və Azərbaycan bütün beynəlxalq subyektlər- həm dövlətlər, həm təsisatlarla bərabərhüquqlu əməkdaşlığa həmişə üstünlük verib, bu gün də üstünlük verir. Düşünürəm ki, bundan sonra da belə olacaq. Orda müzakirə olunan məqamlar da ilk olaraq Cənubi Qafqazdakı proseslərlə bağlı Azərbaycanın mövqeyinin diqqətə çatdırılması, digər regionlarda, proseslərdə Azərbaycanla əməkdaşlığın edilməsi məsələləri ola bilər. Düşünürəm ki, bütün məsələlərdə, o cümlədən Cənubi Qafqazla bağlı NATO-nun və beynəlxalq hüququn digər subyektlərinin yanaşması ilə bağlı mövqeyimizi bir daha diqqətə çatdırmış olduq".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31