Azərbaycan bu məsələlərlə bağlı NATO-nun etibarlı tərəfdaşı hesab oluna bilər- ÖZƏL

"Azərbaycanla NATO arasında tərəfdaşlıq Azərbaycan xarici siyasətinin prioritet istiqamətlərindən biri sayıla bilər".


Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib:

"Azərbaycanın NATO ilə uzun illərə söykənən tərəfdaşlıq proqramları mövcuddur, bunlar geniş sahələri əhatə edir. NATO-nun Vaşinqtonda keçirilən Sammiti çərçivəsində Ceyhun Bayramov və Xavier Kolomina arasındakı görüşdə bu məsələlərə toxunulub və müzakirə olunub. Hazırda  Azərbaycan aktiv şəkildə sülhü təşviq edir və ölkəmizin xarici siyasət gündəliyində bu məsələ beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində geniş müzakirə olunur. Eyni zamanda enerji təhlükəsizliyi, kritik infrastruktur obyektlərinin mühafizəsi, ölkəmizin müdafiə qabiliyyətinin artırılması, ətraf mühitin qorunması, minalarla çirklənmiş ərazilərin təmizlənməsi də bu gün NATO-nun gündəliyində duran məsələlərdir ki, Azərbaycan bu məsələlərlə bağlı NATO-nun etibarlı tərəfdaşı hesab oluna bilər. NATO bir beynəlxalq təşkilat olaraq Azərbaycanda bu sahələrin inkişafında və bu sahələrin gücləndirilməsi üçün ölkəmizlə davamlı proqramların icrasında maraqlı görünür.
NATO ictimai diplomatiya proqramı çərçivəsində Azərbaycan XİN ilə NATO arasında uzun illər müxtəlif təhsil və təcrübə proqramları həyata keçirilib  və bu istiqamətdə ölkəmizdə kifayət qədər yerli mütəxəssislər formalaşmışdır, ehtimal oluna bilər ki, bu istiqamətdə də NATO ilə XİN arasında birgə proqramların icrası davam etdirilsin. 
Qarşıdan keçirilməsi gözlənilən COP29 mötəbər tədbirində də bu məsələlərin əksəriyyətinin müzakirə olunacağını ehtimal etmək olar və bu sahələrdə  Azərbaycan bir çox uğurlu işlərə imza atıb.
Təbii ki, Ermənistanla gedən hazırki danışıqlar prosesində  Azərbaycanın əsas şərtləri bir daha NATO rəsmisinin diqqətinə çatdırılıb və regionda dayanıqlı sülhün əldə olunması üçün Ermənistanın bu şərtlərə əməl etməsi çox vacibdir. Sülhə sadiq olan dövlət kimi Azərbaycan NATO ilə "Sülh naminə Tərəfdaşlıq" proqramı çərçivəsində NATO ilə əməkdaşlığı uğurla davam etdirir. Azərbaycan hərbi blok olan NATO-ya üzv olmağa can atmasa da, tam qətiyyətlə demək olar ki, NATO-nun proqramları çərçivəsində bu beynəlxalq təşkilatla çox səmərəli əməkdaşlıq qurub və illər ərzində diplomatlarımızın yetişməsində və mütəxəssis kimi formalaşmasında bu proqramlarda iştirak öz töhfəsini vermiş, eyni zamanda bizim vətəndaş cəmiyyəti və QHT-lərin də NATO proqramları çərçivəsində bu təşkilatla uğurlu tərəfdaşlığı qurulub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31