Azərbaycan-NATO əməkdaşlığını müsbət qiymətləndirmək olar- ÖZƏL

"Azərbaycan NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" (SNT) proqramının fəal və etibarlı tərəfdaşıdır. 30 illik tərəfdaşlıq mövcuddur".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib:

"Azərbaycan istər İraq, istər Əfqanıstanda NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramında sülhməramlı missiyasında çox fəal iştirak edib. Azərbaycan enerji, regional və beynəlxalq təhlükəsizlik məsələlərində çox fəal çıxış edən ölkədir. NATO ilə də bu istiqamətdə əməkdaşlıqları var. Azərbaycan Rusiyanın qonşusudur, müttəfiqlik münasibətləri var, sənəd imzalanıb, hətta bu yaxınlarda Çinlə də sənəd imzaladıq, biz, tərəfdaşlıq etdiyimiz ölkələri və tərəfdaşları sərbəst şəkildə seçir və əməkdaşlıq qururuq. Biz, NATO ilə də əməkdaşlıq məsələsində geri durmuruq. Üzərimizə düşən öhdəlikləri də yerinə yetiririk. Azərbaycan bu cür müstəqil siyasət yürüdən, Cənubi Qafqazın ən güclü dövlətidir və dünyada da artıq aparıcı mövqeləri tutmaqdadır. 
O ki qaldı Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsinə, sülh sazişi imzalanması perspektivlərinə, beynəlxalq hərbi-siyasi alyans olan NATO bu məsələdə öz töfhəsini verə bilər. İstərsə, bu məsələnin, Ermənistanın cığallığının tənzimlənməsində, Ermənistanın aqressiv silahlanmasının qarşısının alınmasında NATO ədalətli mövqe tuta bilər. Biz bu məsələləri NATO-dan gözləyə bilərik. NATO əgər sülhə töhfə vermək istəyirsə, bu məsələdə də bir münasibət, açıqlama bildirə  və Ermənistanı ədalətli sülhə məcbur edə bilər. Başqa bir tərəfdən Ermənistan konstitusiyasında ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı iddiaların olması NATO-nun da diqqətini çəkməlidir. Davamlı olaraq Azərbaycana "sülh sazişini tez imzalamaq lazımdır" deməklə olmur. Bizim qarşımızda problem var. Bunu Qərb ölkələri və təşkilatları da bilməlidir. 
COP29 tədbirində NATO-nun da nümayəndəsinin iştirakı, dəstəkləməsi müsbət olar. Bu, böyük tədbirdir. NATO-nun da bu məsələdə Azərbaycanı və Azərbaycanın təkliflərini dəstəkləməsi nəinki Azərbaycan, ümumiyyətlə qlobal bəşəriyyət üçün faydalı nəticələr doğura bilər. Ümumilikdə və bütövlükdə Azərbaycan-NATO əməkdaşlığını müsbət qiymətləndirmək olar. Etibarlı tərəfdaş kimi Azərbaycan NATO ilə uğurlu əməkdaşlığını gələcəkdə də davam etdirə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31