Azad edilmiş ərazilərimizdə dünyanın heç bir yerində müşahidə olunmayan bərpa və quruculuq işləri gedir- ÖZƏL

"Böyük coğrafi məkan, müsbət demoqrafik dinamika, güclü hərbi potensial, zəngin təbii resurslar, müasir infrastruktur, çoxşaxəli nəqliyyat dəhlizləri, ənənələrlə müasirliyin vəhdətində daim inkişaf edən tolerant və multikultural mədəniyyət Türk Dövlətləri Təşkilatının formalaşması və inkişafının təməlini möhkəmləndirən mühüm əhəmiyyətli faktorlardır. Buraya din, dil və milli kimlik göstəricilərini əlavə etdikdə onu deyə bilərik ki, bu kimi təməllər üzərində qurulan ikinci bir dövlətlərarası beynəlxalq birlik nümunəsi yoxdur. Bu da imkan verir ki, Türk Dövlətləri Təşkilatı daha intensiv şəkildə intişar tapsın və nəticə etibarı ilə arzusunda olduğumuz tarixi birlik gerçək qlobal siyasi, iqtisadi, hərbi gücə çevrilsin. Dünyada cərəyan edən qlobal siyasi, iqtisadi, həm də hərbi xarakterli hadisə və proseslər bu təşkilatın  və birliyin yaranmasını hər gün daha da zəruri edir". "Olaylar" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı deyib: "Odur ki, cənab Prezidentin rəhbərliyi, gərgin və yorulmaz səyləri nəticəsində XXI əsrdə dövlətimizin əldə etdiyi tarixi nailiyyətlər bütün Türk Dövlətlərinin təşkilatlanması yolunda stimula çevrilib. Belə ki, ölkəmizin ildən ilə bütün istiqamətlərdə  yüksələn xətlə inkişafı, güclü iqtisadiyyata və hərbi gücə arxalanan müstəqil siyasəti, 30 ilə yaxın  müddətdə işğalda qalmış torpaqların 44 gün ərzində düşməndən azad edilməsi, azad edilmiş torpaqlarda dünyanın heç bir coğrafiyasında müşahidə olunmayan səviyyədə bərpa və quruculuq işlərinin görülməsi, qısa müddətdə məcburi köçkünlərin öz yurdlarına qayıdışının başlanması  hər bir qardaş Türk Dövləti üçün tarixi birliyə nail olmaq yolunda  mühüm səbəbə çevrilib".
Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31