Azərbaycan-NATO əlaqələri sürətli şəkildə inkişaf edir- ÖZƏL

"Azərbaycan və NATO arasındakı münasibətlər hər zaman müsbət istiqamətdə olub. Azərbaycan NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulan ölkələrdən biridir".

Bu fikirləri Olaylar.az açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib:

"Azərbaycan hər zaman NATO-nun keçirdiyi sülhməramlı əməliyyatlarda da fəal şəkildə iştirak edib. Azərbaycan NATO-nun Şərqdəki əsas tərəfdaşlarından biridir. Bu müstəvidə hazırda da əməkdaşlıq mühiti davam edir. Azərbaycan ordusu da NATO standartlarına uyğun şəkildə qurulur. Bu istiqamətdə geniş aspektdə iş aparılır. Azərbaycan və NATO münasibətlərinin inkişafı hər iki tərəfin marağındadır. NATO-nun yüksək vəzifəli şəxsləri tez-tez Azərbaycana gəlirlər və Azərbaycan tərəfindən də bu haqda müsbət mesajlar verilir. NATO-nun Vaşinqtonda keçirilən Sammiti çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina arasında görüş zamanı səsləndirilən fikirlər bu əlaqələrin daha da inkişafına xidmət edəcək amildir. Görünən odur ki, rəsmi Bakının NATO ilə əməkdaşlığı daha da genişləndiriləcək və NATO da bunda maraqlıdır. Biz, yaxın günlərdə Azərbaycan Ordusunun NATO standartlarına uyğun inkişafının şahidi olacağıq. Təbii ki, burada Türkiyə nümunəsi bizim üçün əsasdır. Türkiyə NATO-nun ABŞ-dən sonra ikinci ən böyük gücüdür.
Azərbaycanın NATO ilə əməkdaşlığı müsbət istiqamətləri özündə ehtiva edir. Azərbaycan heç bir hərbi bloka qoşulmur, bitərəf mövqeyini saxlayır, eyni zamanda Azərbaycan-NATO əlaqələri də sürətli şəkildə inkişaf edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31