Türk dövlətləri “Böyük Qayıdış” proqramına qardaşlıq dəstəyi göstərirlər- ÖZƏL

"Hazırda Şuşa şəhəri quruculuq meydanını xatırladır. Şuşaya onu sevənlər, onun əsl sahibləri qayıdıblar. İndi onlar erməni vandallarının vəhşicəsinə dağıtdıqları şəhəri qarış-qarış yenidən qururlar". "Olaylar" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev deyib: "Deyə bilərik ki, tarixi Şuşa bərpa olunur, həm də gözəl şəhərimizin siması müasir elementlərlə, yeni memarlıq həlləri ilə daha da zənginləşdirilir. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bütün layihələr son dərəcə məsuliyyətlə yerinə yetirilir. Ötən dövrdə şəhərdə onlarca layihə tamamlanıb. Burada infrastruktur quruculuğu, Heydər Əliyev Fondunun dəstəyi ilə tarixi abidələrin bərpası və yaşayış evlərinin tikintisi paralel çəkildə həyata keçirilir. "Böyük Qayıdış" Proqramının icrası çərçivəsində bu günə qədər 8 minə yaxın keçmiş məcburi köçkün Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə və dörd kəndə qayıdıb. Bu ilin sonuna qədər 20 min insanın azad edilmiş torpaqlara qayıdışı təmin olunacaq. Əlamətdar haldır ki, türk dövlətləri də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən "Böyük Qayıdış" proqramına qardaşlıq dəstəyi göstərirlər".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31