Azərbaycan “yaşıl enerji”yə keçid prosesinə öz töhfəsini verir- ÖZƏL
10 İyul 2024 10:33 SiyasətMilli Məclisin deputatı Fatma Yıldırım Çin Xalq Respublikasının Tsindao şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının yaşıl inkişaf üzrə Forumunda iştirak edib.

"Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib:
"Forumda "Yaşıl inkişaf yolunda birgə irəliləmə, insan və təbiətin harmonik mövcudluğunun təşviqi" mövzusunda keçirilən müzakirələr panelində "Azərbaycanın yaşıl inkişafı və COP29 konfransına hazırlıq" mövzusunda çıxış etdim.
Azərbaycanın COP29-da sədrliyi çərçivəsində ətraf mühitin mühafizəsi və yaşıl inkişaf istiqamətlərindəki fəaliyyəti haqqında danışaraq ölkəmizin "yaşıl enerji"yə keçid prosesinə öz töhfəsini verdiyini bildirdim. COP29 kimi mötəbər tədbirin Bakıda keçirilməsi beynəlxalq aləmdə ölkəmizə olan etimadın sübutudur.
Azərbaycanla Çin Xalq Respublikası arasında olan əlaqələrdən danışaraq 3-4 iyul tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində dövlət başçlarımız İlham Əliyevlə Si Cinpinin görüşünün ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi və əməkdaşlığın yeni inkişaf perspektivlərini müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyəti olduğunu vurğuladım. Təqdirəlayiq haldır ki, görüşdə Çin Xalq Respublikasının lideri ölkəsinin COP29-da yüksək səviyyədə təmsil olunacağını deyib.
Qeyd etdim ki, Azərbaycanın COP29-a ev sahibliyini ölkəmizin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar və Azərbaycan öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirərək COP29-u ən yüksək səviyyədə keçirəcək".
Alim Hüseynli
Olaylar.az