Türk Dövlətləri Təşkilatının dünyaya mesajı-Qarabağ bəyannaməsi- ÖZƏL
9 İyul 2024 15:44 Siyasət"Türk dünyasının Mədəniyyət paytaxtı Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi və sonda Qarabağ bəyannaməsinin imzalanması mühüm tarixi hadisədir. Bu toplantı və imzalanan sənəd getdikcə siyasi güc mərkəzinə çevrilən Türk Dövlətləri Təşkilatının dünyaya bir mesajıdır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib:
"Mesaj ondan ibarətdir ki, 30 il ərzində işğalçı Ermənistan tərəfindən talan edilmiş, şəhər və qəsəbələri yer üzündən silinmiş Qarabağ yenidən qurulur, dirçəlir, nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi siyasi mərkəzə çevrilir. 44 günkük savaşda haqlı davamızın qarşısında olub işğalçını dəstəkləyənlər var idi. 2023-cü ili 19 sentyabrında Azərbaycan bütün ərazilərində suveren hüquqlarını bərpa etmək üçün lokal antiterror əməliyyatı keçirəndə də işimizə əngəl olmaq istəyənlər var idi. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin çevik siyasəti, tədbirli diplomatiyası düzəni xeyrimizə dəyişdi. Türk Dövlətləri Birliyi bu illər ərzində mühüm irəliləyişlər əldə edib. TDB-nin güc mərkəzinə çevrilməsində heç şübhəsiz ki, Türkiyə ilə yanaşı Azərbaycanın böyük əməyi var.
Belə bir nüfuzlu tədbirin Şuşada, Qarabağda keçirilməsi son 4 il ərzində bölgədə aparılan işlərin təbliği baxımından da əhəmiyyətlidir. Dost da, düşmən də görür ki, Azərbaycan 30 ildə dondurulmuş münaqişəni təkbaşına həll etdi. Bu gün xarabazara çevrilmiş azad Qarabağ bərpa edilir. Son 4 ildə Azərbaycan bölgədə yeni geosiyasi reallıqlar yaradıb. Qarabağ bu gün dirçəlir, əzəli və əbədi sakinlərini qəbul edir. Azərbaycan öz gücünə ədalətsiz dünyanın gözü qarşısında tar-mar edilmiş bir bölgəni bərpa edir. Qarabağda böyük tikinti quruculuq, bərpa işləri həyata keçirilir. "Böyük Qayıdış" Proqramının icrası çərçivəsində bu günə qədər 8 minə yaxın keçmiş məcburi köçkün Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə və dörd kəndə qayıdıb. Bu ilin sonuna qədər 20 min insan azad edilmiş torpaqlara qayıdacaq. Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün Şuşada keçirilməsi qardaş və müttəfiq dövlətlərin erməni işğalının fəsadları, Ermənistanın ekoloji terroru ilə üz-üzə qalmış və bu zərəri təkbaşına aradan qaldıran Azərbaycana mənəvi dəstəyin ifadəsidir. Bu, azad Qarabağda əhalinin normal və təhlükəsiz həyatına təminatın yaradılmasının beynəlxalq səviyyədə nümayiş etdirilməsi deməkdir.
Şuşa zirvəsi və Qarabağ bəyannaməsi türk dövlətləri arasında mənəvi-siyasi birliyi daha da gücləndirəcək, müttəfiqliyi daha üst səviyyəyə qaldıracaq".