Zirvə toplantısı türk dövlətlərinin birliyini və həmrəyliyini göstərir- ÖZƏL

"Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Cümhuriyyətinin vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevin iştirakı ilə keçirilən Zirvə görüşü tarixi əhəmiyyət daşıyır.  İlk növbədə ona görə ki, 2023-cü ildə Azərbaycan dövləti bütün ərazisində suverenliyini tam bərqərar etdikdən sonra birinci dəfə keçirilən bu toplantı rəmzi məna daşıyır, türk dövlətlərinin birliyini və həmrəyliyini göstərir".

"Olaylar" xəbər verir ki, bunu millət vəkili Musa Qasımlı deyib:   

"Toplantıda cənab Prezident qarşıda dayanan ən vacib vəzifələri də söylədi. Bildirdi ki, Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi  Azərbaycan dövlətinin xarici siyasətinin üstün istiqamətidir.  Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, siyasi, iqtisadi və hərbi qüdrətinin artması, beynəlxalq aləmdə güc mərkəzinə çevrilməsi naminə səylər göstərib.
    Türk Dövlətləri Təşkilatının dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməsi vəzifəsini müəyyənləşdirən  Prezident İlham Əliyev bunun təbii əsaslarını da dedi. Böyük coğrafi məkanı əhatə edən üzv ölkələrdə müşahidə olunan müsbət demoqrafik dinamika, döyüş meydanlarında özünü dəfələrlə göstərən hərbi potensial , zəngin təbii ehtiyatlar, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tarix, eyni etnik köklər, ənənəvi dəyərlərə sadiqlik və s. bunun təbii təməllərini təşkil edir. 
      Prezident çıxışında  Azərbaycanın və regionun mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşa şəhərini Qarabağın tacı adlandırdı.  Qarabağ və Şərqi Zəngəzurda "Böyük Qayıdış" Proqramının icra olunması, Ermənistanın işğalı altında olan illərdə yerlə-yeksan edilən bütün şəhər və kəndlərin dirçəldilməsi, bu torpaqlara həyatın qayıtması, azad edilmiş torpaqlara ilin sonuna qədər 20 min insanın qaytarılmasının planlaşdırılması işlərin sistemli şəkildə aparıldığını göstərir. Prezident Türk dövlətləri rəhbərlərinin azad edilmiş torpaqlara səfərlərini qardaşlığın təzahürü kimi qiymətləndirdi. Bu qardaşlığın rəmzi  tikilən məktəb və yaradıcılıq mərkəzidir.
       Azərbaycan dövləti Türk Dövlətləri Təşkilatının gücləndirilməsi üçün örnək olan bir addım atıb. Təşkilatın büdcəsi nəzərdə tutulan hədəflərin reallaşdırılması üçün yetərli olmadığından Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürüb.
    Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi, Orta Dəhlizin ayrılmaz bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükaşırma qabiliyyətinin artırılması başlıca məqsədlərdəndir. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətlərinə tranzit xidmətləri göstərir. Bakı gəmiqayırma zavodunda 6 gəminin inşa edilməsi, Ələt Beynəlxalq Ticarət Limanı da həmin məqsədlərə yönəlib. 
     Ən vacib addımlardan biri İstanbulda Türk İnvestisiya Fondunun təsis iclasının keçirilməsi olub.  Qarşıdakı illərdə sərmayələrin qoyuluşu əməkdaşlığın maddi təməllərini daha da dərinləşdirəcəkdir.
    Türk dövlətləri arasında enerji sahəsində strateji tərəfdaşlıq, o cümlədən bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlıq mühüm vəzifələrdən biri kimi müəyyənləşdirildi.
     Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən Avropa və Asiya arasında fiber-optik telekommunikasiya marşrutu yaratmaq məqsədi daşıyan "Rəqəmsal İpək Yolu" layihəsi də mühüm təşəbbüslərdən biridir. Bununla da "Dəmir İpək Yolu"na yenisi əlavə edilir. Şuşa Zirvə toplantısı göstərdi ki, Türk Dövlətləri Təşkilatının və Türk dünyasının yaxşı gələcəyi vardır. Uğurlar olsun!"

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31