Azərbaycan türk dünyasının birliyinə xidmət edən mühüm addımlar atır- ÖZƏL
8 İyul 2024 13:40 Siyasət"Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacağını bildirir".

"Olaylar" xəbər verir ki, bunu millət vəkili Əliabbas Salahzadə deyib:
"Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən birini təşkil edir. Ölkəmizin türk dövlətlərinin əməkdaşlığında özünəməxsus və aparıcı rolu var. Prezident İlham Əliyevin şəxsi səyləri nəticəsində bu gün türk birliyi ən yüksək əməkdaşlıq zirvəsinə qalxıb. Türk dövlətləri dünyada baş verən bütün qlobal siyasi proseslərə, eləcə də təbii böhranlara qarşı birgə mübarizə aparırlar. Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi də bunun bariz nümunəsidir. Son illər Azərbaycanın türk dövlətlərinə, onların liderlərinin Azərbaycana səfərlərinin intensivləşməsi də türk dünyasının birliyinə xidmət edən addımlar sırasındadır. Bu Zirvə görüşünün özəlliyi ondan ibarətdir ki, bu birliyə, həmrəyliyə Şuşa şahidlik etdi və bu məkandan mühüm çağırışlar səsləndirildi. Dövlət başçısı İlham Əliyev bir daha bildirdi ki, XXI əsr türk dünyasının inkişafı əsri olmalıdır".
Alim Hüseynli
Olaylar.az