Dünya birliyi TDT-nin mövqeyilə razılaşmaq məcburiyyətində qalır- ÖZƏL
8 İyul 2024 13:05 Siyasət"Şuşada keçirilən Zirvə görüşünün çox böyük əhəmiyyəti var idi. Bu Türk Dünyasının növbəti dəfə birliyini, həmrəyliyini nümayiş etdirdi".

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Daha əvvəl də bir neçə dəfə Türk Dövlətləri Təşkilatının Zirvə görüşləri keçirilib. Amma bu dəfə bu görüş işğaldan azad edilmiş bölgələrdə keçirildi. Türk Dövlətləri rəhbərlərinin ayrı-ayrılıqda işğaldan azad edilmiş bölgələrə səfərləri gerçəkləşmişdi. Amma bu dəfə bu təşkilatın rəhbərləri bir yerdə işğaldan azad edilmiş bölgəyə səfər etdilər. Həmçinin Şuşadan Qarabağ Bəyannaməsinin imzalanması və bunun dünyaya bəyan edilməsi də Türk birliyinin növbəti dəfə nümayişi idi. Hətta Avropa İttifaqı Şurasının dönəm sədri, Macarıstanın Baş naziri Viktor Orbanın Şuşaya gəlməyi, Türk Dövlətləri Təşkilatının Zirvə görüşümdə iştirak etməsi Aİ-nin daxilindəki bəzi ermənipərəst dairələri ciddi formada narahat edib. Hal-hazırda türk birliyi faktoru siyasi anlamda kifayət qədər önəmli mövqelər qazanıbdır. Burada əlbəttə ki, özəlliklə Azərbaycanın işğaldan azad edilmiş bölgələrində Türk Zirvəsinin gerçəkləşməsi və buradan həmrəyliyin bəyan edilməsi, həm də mənəvi baxımdan bizim üçün çox böyük əhəmiyyətə malikdir. Hər halda artıq Türk Dövlətləri Təşkilatı beynəlxalq münasibətlər sistemində öz çəkisi, ağırlığı olan bir təşkilatdır, dünya birliyi də Türk Dövlətləri Təşkilatının mövqeyilə razılaşmaq məcburiyyətində qalır".
Zeynəb Rzayeva