Azərbaycan-ŞƏT əməkdaşlığı hər iki tərəfin qarşılıqlı maraqlarına xidmət edir
5 İyul 2024 11:45 Siyasət44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən sonra Azərbaycanın xarici siyasət uğurları tükənmək bilmir. Yürüdülən ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti yeni dostlar, tərəfdaşlar qazanmasında əhəmiyyətli rol oynayır. Azərbaycanın ölkələr, xalqlar arasında körpülər qurması həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafında mühüm rol oynayır. Məhz bu kimi səbəblərdən Azərbaycanın, xüsusən dövlət başçısı İlham Əliyevin nüfuzlu beynəlxalq təşkilatların təşkil etdikləri tədbirlərə dəvət olunması təbii qəbul edilməlidir. Elə Prezident İlham Əliyevin Qazaxıstanın paytaxtı Astanada Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT)üzv ölkələrin Zirvə görüşünə dəvət olunması dediklərimizin bariz nümunəsidir. Məlumat üçün qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ŞƏT-in Zirvə toplantısında iştirak etmək üçün Azərbaycan Prezidenti İlham Əliyev Astanaya səfər edib. Yeri gəlmişkən xatırladaq ki, bu, Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında ikinci iştirakıdır. Dövlətimizin başçısı İlham Əliyev bundan öncə 2022-ci ilin 16 sentyabr tarixində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Səmərqənd şəhərində keçirilmiş Zirvə toplantısında iştirak etmişdir. Prezident İlham Əliyevin Zirvə görüşünə ikinci dəfə fəxri qonaq qismində qatılması Azərbaycanın nüfuzunun, dövlətimizin başçısına böyük etimadın göstəricisidir. Eyni zamanda, Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzv olmadığı təşkilatların da sammit, konfrans və zirvə görüşlərinə dəvət alması, həmin tədbirlərdə fəal iştirakı ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun təsdiqidir. Dögər tərəfdən, ŞƏT ilə əməkdaşlıq Azərbaycanın beynəlxalq səviyyədə səsinin eşidilməsi, mövqeyinin çatdırılması baxımından vacib bir platformadır. Prezident İlham Əliyevin Zirvə görüşlərində iştirakı və keçirdiyi görüşlər ölkəmizlə bağlı mühüm məsələlərin, prioritetlərin qlobal səviyyədə geniş ictimaiyyətə çatdırılmasını təmin edir. Daim sülhə, təhlükəsizliyə, əməkdaşlığa çağırışlar edən Azərbaycan ölkələr arasında münasibətlərin inkişafında əsas faktor olan etimad mühitinin möhkəmləndirilməsində öz sözünü deyir.
Şanxay Əməkdaşlıq Təşkilatının Qazaxıstanda keçirilən növbəti zirvə görüşündə Prezident İlham Əliyev Çin, Türkiyə, Rusiya, Pakistan, Qazaxıstan prezidentləri ilə görüş keçirməsi fikrimizi bir daha təsdiq etmiş olur. Heç şübhəsiz ki, sadalanan dövlət başçıları ilə baş tutan görüşlər Azərbaycan Prezidenti ilə təşkilata üzv dövlətlərin rəhbərləri arasında qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlərin göstəricisidir. Zirvə toplantısında siyasi, iqtisadi, xüsusilə nəqliyyat, kommunikasiya, enerji və sair istiqamətlərdə əməkdaşlığın inkişafına yönəlmiş addımlara xüsusi diqqət ayrılması Azərbaycan ilə ŞƏT, habelə təşkilata üzv olan ölkələrlə ikitərəfli əlaqələrin inkişafına töhvə verəcəyi danılmaz faktdır.
Qeyd edək ki, ŞƏT ilə əməkdaşlıq Azərbaycanın beynəlxalq səviyyədə səsinin eşidilməsi, mövqeyinin çatdırılması baxımından vacib bir platformadır. Prezident İlham Əliyevin zirvə görüşlərində iştirakı və etdiyi çıxışlar ölkəmizlə bağlı ən mühüm məsələlərin, prioritetlərin qlobal səviyyədə geniş ictimaiyyətə çatdırılmasını təmin edir. Odur ki, Azərbaycan həm təhlükəsizlik, həm də iqtisadi inkişaf sahəsində daha mühüm rol oynamağa başlayan ŞƏT ilə daha sıx əməkdaşlıqda maraqlıdır. O cümlədən, Azərbaycanın son illər beynəlxalq arenada artan nüfuzu, paralel olaraq Avrasiya məkanında əsas tranzit qovşağa çevrilməsi ölkənin ŞƏT üçün əhəmiyyətini daha da artırır. ŞƏT ilə əməkdaşlıq kontekstində Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri buna misaldır, Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu məhz Azərbaycanın sərmayələri hesabına başa gəlib.
Ümumilikdə Azərbaycan-ŞƏT əməkdaşlığı hər iki tərəfin qarşılıqlı maraqlarına xidmət edir və iqtisadi tərəfdaşlıq, nəqliyyat əlaqələri, terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı, sivilizasiyalararası dialoqun təşviqi kimi sahələri əhatə edir. Hazırda dünyanın ən böyük beynəlxalq tədbirlərindən olan COP29-a hazırlıq çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatı ilə ölkəmiz arasında əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Astana zirvə görüşü Azərbaycan üçün təşkilat ilə əməkdaşlığın daha geniş sahələri əhatə etməklə, gələcək inkişaf perspektivlərinin müəyyən edilməsi baxımından böyük əhəmiyyət daşıyacaq. Bütün bunlar Azərbaycanın xarici siyasətinin, uğurlu çoxtərəfli və ikitərəfli diplomatiyasının təzahürüdür. Azərbaycanın COP29-a sədrliyi ölkənin qlobal səviyyədə siyasət yürüdən ölkə, qlobal aktor olduğunu və dünyanın aparıcı ölkələrinin Azərbaycanla əməkdaşlığı gücləndirməkdə maraqlı olduqlarını göstərir.
Alim