Uğur konsepsiyamızın bazisində Liderimizin şəxsi keyfiyyətləri dayanır-Şəbnəm Həsənova- ÖZƏL
2 May 2024 16:32 Siyasət"Mövcud zaman kəsiyində beynəlxalq münasibətlər demək olar ki, bulanıqlığın və mürəkkəbliyin pik həddinə çatıb. Bu mənfi tendensiyanın ardınca isə həm də müxtəlif beynəlxalq təhdidlər gəlir. Müasir dünyanın dominant beynəlxalq təhdidləri arasında beynəlxalq liderliyin zərərli boşluğu, terrorizm, dinlər və mədəniyyətlərarası toqquşmalar dayanır ki, baş verən son eskalasiyalar yaradılışın ilkin konsepsiyalarına dönüş kimi təhlükəli tendensiyalarla da müşahidə olunur".
Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:
"Bir vaxtlar müharibələrin dominant nümunəsi olan zaman kəsiyi özünü indi mədəniyyətlərarası konfliktlərlə əvəz edir. Hələ üstəlik dünyanın ənənəvi təhdidlərindən biri olan maliyyə böhranı qlobal iqtisadiyyata zərbə vurmaqda davam edərkən daha müasir çağırışlar daha ciddi problem kimi böyük görünür. Məsələn, planetin 3,6 dərəcədən çox istiləşməsinin qarşısını almaq üçün siyasət qurucuları balansın saxlanılmasını dayandırmadan yeni üsullardan istifadə etməklə indi vəziyyəti sabitləşdirmək, gələcəyi stimullaşdırmaq kimi çətin vəzifələrlə üzləşir. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu qlobal məsələlərdə də proaktiv addımlar atır, yeni yanaşmalar təqdim edir. Azərbaycanın uzaqgörən Lideri mədəniyyətlərarası dialoq idealının genişləndirilmiş konsepsiyasına əsaslanan daha maarifləndirici, uzunmüddətli və davamlı yanaşma istiqamətində işləmək imkanlarını nəzərə almaq üçün fürsətlər yaradır. Azərbaycan mədəniyyətlərarası dialoq platformaları yaratmaqla, yıxıcı, dağdıcı deyil, konstruktiv, dialoq yolu ilə yanaşmanın qurulmasına verdiyi dəstəklə bəşəriyyətin inkişafı üçün yenidən işlənmiş çərçivə, ölçü və meyarları yenidən nəzərdən keçirmək üçün çağırış təklif edir. Yanaşmalara belə məhdudiyyət gətirilərkən zəngin və cəlbedici təhsil yanaşması, o cümlədən cari ölçülərlə əhatə olunmayan nailiyyətlər üçün imkanlar təklif edən dialoq çətiri altında bəzi innovativ işlər aparılır.
Mayın 1-də Bakı Konqres Mərkəzində "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda 110 ölkədən nümayəndə heyətinin iştirak etməsi, gündəlikdə mədəniyyətlərarası dialoq, müxtəliflik, iqlim dəyişmələri, miqrasiya, sülh və təhlükəsizlik, postmünaqişə vəziyyəti, turizm, süni zəka kimi bu qəbildən məsələlərin dayanması Azərbaycanın yeni çağırışlara hərtərəfli töhfəsindən xəbər verir. Bundan öncə aprelin 23-də ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda keçirilən beynəlxalq forumda da cənab Prezident İlham Əliyev bu məsələ haqqında bildirmişdi ki, "Ən əhəmiyyətli körpü mədəniyyətidir. Ona görə ki, yerləşdiyimiz coğrafiya cəmiyyətin həyat tərzinə, əhvali-ruhiyyəsinə mütləq təsir edib. Biz Avropada və dünyanın digər yerlərində olanda özümüzü rahat hiss edirik, çünki Azərbaycan cəmiyyəti əsrlər boyu hər iki sivilizasiyanın, yəni, İslam sivilizasiyasının və Avropa sivilizasiyasının dəyərlərini əhəmiyyətli dərəcədə mənimsəmişdir".
Xalqımızın xislətində dostluq, yoldaşlıq, yardımsevərlik, tolerantlıq, qarşılıqlı hörmət, və tərəfdaşlıq kimi müsbət insani keyfiyyətlər yatır. Elə uğurumuzun sirrindən də bəhs edən Liderimiz bu forumda da bir daha uğur konsepsiyamızın bazisində məhz bu xüsusiyyətlərin dayandığını göstərdi. Ən önəmli məsələ isə odur ki, xalqımız da öz növbəsində tək bir ağızla bu konsepsiyanın bazisində məhz Liderimizin şəxsi keyfiyyətlərinin dayandığını bildirir.
Azərbaycan torpaqlarında kök salan bütün insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayır. Azərbaycanda yaşayan bu insanlar özlərini nəinki təhlükəsiz şəraitdə, həm də ləyaqətli hiss edirlər. Azərbaycan evsahibliyi etdiyi çoxsaylı tədbirlərlə mədəniyyətlərarası, dinlərarası dialoqu təşviq edir. Müstəmləkə tendensiyalarına susqunluq, ikili standartların tətbiqi, Avropa Parlamenti və AŞPA kimi Avropa təsisatlarının, tolerantlıq, demokratiya, insan hüquqları kimi məfhumlardan sözdə bəh-bəhlə bəhs edən ayrı-ayrı ölkələrin bütün təzyiqlərinə baxmayaraq Azərbaycanın dünyada məcburi assimilyasiya, iyrənc neokolonializm təcrübəsinə göz yummaması, tarixində isə BMT-dən sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatına yekdil qərarla sədrliyi, yenidən yekdil qərarla bu missiyanın əlavə bir il də artırılması, əldə edilən silsilə uğurlar, COP29 tədbiri öncəsi beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi, məhz ölkənin ali şəxsi vasitəsilə bu cür müsbət mesajların verilməsi, əslində, həqiqətin əks etdirilməsi bir daha ondan xəbər verir ki, Azərbaycan regionun layiqli lider dövləti, onun başçısı isə regionun müsbət gələcəyinə istiqamət verən Liderdir. Azərbaycan düzgün, səhih, sayıq yanaşma ortaya qoyaraq bir-birini günahlandırmağın heç nə vermədiyini anlayır, bunu aşılayaraq həmrəylik və qarşılıqlı etimad lazım olduğunu bildirir. Azərbaycanın rolu xalqının xislətinə uyğun olaraq dünyaya körpülər salmaqdır. Cənubi Qafqazı da xilas edəcək bu xislətdir ki, bu istiqamətdə siyasət də Azərbaycan xalqının Lideri tərəfindən yürüdülür".