Azərbaycan artıq dünya düzəninə təsir göstərmək gücündə olan bir dövlətdir-Elçin Xalidbəyli- ÖZƏL
1 May 2024 15:57 Siyasət"Prezident İlham Əliyevin bu fikirləri onu göstərir ki, Azərbaycan dövləti dünyada başqa dövlətin təzyiqlərindən, müstəmləkəçilik siyasətindən əziyyət çəkən xalqların və dövlətlərin azadlıq səsinə çevrilib".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib:
"Azərbaycan, Qərb müstəmləkəçiliyinə qarşı mübarizə aparan ölkələrə, xüsusilə də Afrika dövlətlərinə və Afrika xalqlarına açıq şəkildə dəstək verir. Fransa müstəmləkəçiliyinə qarşı mübarizədə Azərbaycan faktiki olaraq avanqard rolunu oynayır. Bu baxımdan hesab etmək olar ki, dünyada beynəlxalq hüququn daha güclü təsir göstərməsi baxımından Azərbaycanın və Prezident İlham Əliyevin göstərdiyi fəaliyyətin olduqca böyük və tarixi əhəmiyyəti mövcuddur. Azərbaycan prezidenti İlham Əliyev özünün prinsipial mövqeyi ilə növbəti dəfə sübut edir ki, yeni dünya düzənində Azərbaycan birbaşa iştirakçılardan biri olacaq əsas aparıcı dövlətlərdən biri olmağa iddialıdır və bu iddiasını reallaşdırmaqda davam edir.
Azərbaycan artıq dünya düzəninə təsir göstərmək gücündə olan bir dövlət kimi fərqli mərhələyə keçid edib və bu mərhələdə rəsmi Bakının mövqeyi həlledici xarakter daşıyacaq, yəni həlledici xarakter daşıyan mövqelərdən biri olacaq. Bütün bunları nəzərə almaqla qeyd eləmək olar ki, Azərbaycanın və prezident İlham Əliyevin Fransa və digər Qərb ölkələrinin müstəmləkəçilik siyasətinə qarşı mübarizədə iştirak etməsi, müstəmləkə vəziyyətində olan və bu müstəmləkə vəziyyətindən xilas olmağa çalışan Afrika ölkələrinin, Afrika xalqlarının azadlıq səsi olması olduqca böyük önəm daşıyır və Azərbaycan vətəndaşları olaraq da bizə qürur yaşadır".