Bu bəyannamə bütün ərazilərdə delimitasiya və demorkasiyanın aparılması üçün yetərli deyil-Yusif Bağırzadə- ÖZƏL
1 May 2024 15:56 Siyasət"Əvvəla onu qeyd edim ki, Ermənistanın rəsmi Bakını hansısa şərtə məcbur etməsi, hətta havadarlarının dəstəyi ilə belə olsa mümkün olmayan bir şeydir. Azərbaycan bunu dəfələrlə öz davranışları və prinsipial mövqeyi ilə sübut edib".
Bu fikirləri politoloq Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:
"İkincisi, Alma-Ata bəyannaməsi delimitasiya prossesinə başlamaq üçün əsas olaraq götürülsə də, razılaşma protokolunda xüsusi bənd var.
Həmin bənddə açıq şəkildə göstərilib ki, "əgər gələcəkdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişdə başqa cür qərara gəlinərsə, o zaman Əsasnamənin müvafiq bəndi bu Sazişlə müəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq".
Bu o deməkdir ki, Alma-Ata bəyannaməsi delimitasiyanın aparılması mümkün olan ərazilər üçün başlanğıc sənəd olaraq götürülüb. Amma bu bəyannamə bütün ərazilərdə delimitasiya və demorkasiyanın aparılması üçün yetərli deyil. Sülh sazişi delimitasiya komissiyasının protokolundan daha üstün sənəd olduğundan orada razılaşdırılacaq mövqe avtomatik olaraq delimitasiya komissiyasının protokuna tətbiq ediləcək. Yəni başqa sözlə hər hansı şərtin qəbulundan və geri addımdan söhbət getmir. Əksinə, Azərbaycan Alma-Ata bəyannaməsinin ilkin sənəd olaraq götürülməsinə razılıq verməklə delimitasiya prosesinin məhz Qazax istiqamətindən başlamasına və müvafiq olaraq dörd kəndin geri qaytarılması ilə qərarın qəbuluna nail olub.
Bunu Ermənistan hakimiyyəti də elə ictimaiyyəti də kifayət qədər yaxşı bilir. Odur ki, Rubinyanın açıqlamaları daxili auditoriyaya hesablanmaq baxımından da ucuz populizmdən başqa bir şey deyil".