Qürur dünyamız laləzardır

Son 30 ildə neçə elmi tədqiqat institutu yaratdıq, onlara binalar tikdik, yəni elm toxumları əkdik?
Həqiqətə işıqlı yol çəkdik?
Bakını restorantlar, şadlıq sarayları çor kimi bürüdülər,
JİPlərdən boynu qızıl xaltalı cəmdəklər, ya saman presləri düşdülər,
Kafelərin qıraq- bucağında qarnı tox, gözü  ac itlər hürdülər,
Ac küçələrdə ac gəzən, kəməri belində öz- özünə büzüşən dağ KİŞİLƏR, daş KİŞİLƏR,
Xarı bülbülə tərəf qazi, şəhid getdilər...  

Neçə kitabxana tikdik, yəni işıq əkdik?
Kitabxanaların yerlərindən gecə kulubları sarmaşıqlar oldular,
Qaranlıqda bağrı qanlı lalər, xaşxaş olub soldular...

Neçə istedadlı yazar xalq yazıçısı, xalq şairi  oldular?
Xalq, əməkdar artistlər çılpaq toxumlular kimi efirlərə doldular.
Bir- birlərinin, yox, milli mədəniyyətin saç- başını yoldular...

Ağrılarımızı, uğurlarımızı ifadə edən neçə film çəkdik, yəni keçmişə baxıb, gələcəyə getdik?
Elə köhnə filmlərə baxdıq: -o olmasın, bu olsun dedik,  yeni teleseriallar həşəratyeyən bitkilər kimi beynimizi sordular,
Kino deyil, həşarat torudular...
Arada bu işlərə baxanlar boş dayanmadılar, büdcəni qırxbuğum kimi yoldular. ( Nənəm dağda qonşu arvadlarla söhbət edə- edə ot yolurdu, günorta ondan qatıq aşı hazırlayırdı. Sonradan bildim bu qırxbuğum imiş).

Uşaqların yay tətilində dincəlməyi üçün neçə məktəbli düşərgələri tikdik, yəni gələcəyə çinarlar, palıdlar əkdik?
Dağları meşələri çəpərlədilər, villalar tikdilər, həyətində " ceyranlar" bəslədilər. Hərdən qaçıb əllərində kabab, şərab, onları zərif küylə səslədilər, cənnət bilib, oralara "təkə" kimi doldular.

Neçə hektar üzüm bağı saldılar?
Bağları kəsib, yandırdılar, əkin yerlərini kol- kos basdı, üzüm zavodlarını tikə- tikə doğrayıb, qonşu ölkələrdən bakuş, təsbeh," sarı qızıl" aldılar, içib- çəkib boş xəyallarda qaldılar.

Neçə artezan vurdular, su kanalı çəkdilər?
Olan- qalan suyun önünü varan kimi kəsdilər.

Bir sözlə xaotik vəhşi kapital sahibləri, saxtakar, cibgüdən yarıtmaz məmurlar pərpinə toxumu, ya mənasız meşə kimi hər tərəfi basdılar,
Faydalı iş tarlasına müqəvvalar asdılar.

Qəribə flora, fauna aləmindəyik,
Öz içimizdə yabanı bitkilərik.

Yaxşı ki, Şuşada Xarı bülbüllər vardır,
Qürur dünyamız laləzardır.

Sadiq Qarayev

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31