İnsan haqları ilə bağlı hesabatın hazırlanmasında istifadə olunan mənbələr analoji deyil - ÖZƏL

"ABŞ Dövlət Departamentinin Azərbaycanda insan haqları ilə bağlı hesabatı həm məzmunu etibarı ilə tənqidə dözmür, həm də bu hesabatın hazırlanmasında istifadə olunan mənbələr analoji deyil".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
"Artıq neçə illərdir, hətta 30 ilə yaxın bir müddət ərzində Amerikanın Azərbaycanda insan haqları ilə bağlı hesabatları hazırlanması analoji olmayan mənbələrə söykənir. O, mənbələrə söykənir ki, onlar Azərbaycandakı siyasi proseslərlə bağlı həmişə müxalif prinsiplərinə söykənirlər. Məhz belələrinin bir mənbə kimi seçilməsi sonda Dövlət Departamentinin Azərbaycandakı yanaşmalarının reallıqdan xeyli dərəcədə fərqli nöqtələrə gəlib çıxmasına səbəb olur. Məsələn, adi bir fakt, Azərbaycanda insanların dini, etnik diskriminasiyaya məruz qalması ilə bağlı biz bu hesabatlarda dəfələrlə fikirlər oxumuşu, madələr görmüşük. Amma hər bir Azərbaycan vətəndaşı və Azərbaycanla qərəzsiz şəkildə tanış olmaq istəyən istənilən bir əcnəbi vətəndaş aydın şəkildə görür və görə bilər ki, hər nə olsa da, Azərbaycanda dini, etnik zəmində ayrı-seçkilik deyilən bir şey ola bilməz və bütün insanlar üçün xarakterik olan tolerantlıq, dözümlülük həm dövlətin, həm də ictimaiyyətin fəaliyyət platformasına çevrilib. Belə bir şəraitdə Dövlət Departamentinin insan haqlarını tənqid etməsi, əlbəttə, reallıqdan çox uzaq görsənir. Eyni zamanda bu gün artıq dünya başqadır. Dünya bir qütblü dünya ola bilməz və bu prinsipin kimlərsə özünü dünyanın hegemon və aparıcı qüvvəsi kimi göstərmək və özündən başqa hamını tənqid etmək imkanı, səlahiyyəti verə bilməz. Bu gün dünyanın hər bir ölkəsinin istənilən bir ölkədəki vəziyyətlə bağlı dəyərləndirmə mövqeyindən çıxış eləmək hüquqi səlahiyyəti var. Heç bir ölkə bunu qadağan etmir. Eynilə də, Azərbaycanın Amerikadakı insan haqları ilə bağlı müəyyən məsələləri tənqid etmək, onlarla bağlı təhlillər vermək hüququ var. Necə ki, artıq Amerikanın özündə hətta irqi ayrı-seçkilik zəminində müəyyən xoşagəlməz hadisələrin baş verdiyini görürük. Siyasi rəqiblərə qarşı, hətta prezidentlik uğrunda siyasi rəqiblərə qarşı kompromat xarakterli fəaliyyətlərin aparılması, bəzən bu proseslərə, hətta müxtəlif ştatların və federal məhkəmə orqanlarının da cəlb olunması bizim gözümüzün qabağında baş verən hadisələrdir. Məsələn, Trampın növbəti prezident seçkilərində çox şanslı və qüvvəli bir rəqib olduğunu hər kəs bilir. Belə şəraitdə Trampa qarşı başlanmış saysız məhkəmə iddiaları, əlbəttə, siyasi motivli olduğu şübhə doğurmur. Hətta neçə illər qabaq Trampın hansısa bir qadınla olan münasibətləri üzərində yenidən məhkəmə prosesinin başlaması, onun böyük məbləğdə cərimə sanksiyalarına məruz qalması bu prosesi xeyli dərəcədə siyasiləşdiyini göstərir. İndi seçkilərin sonunun necə olacağı başqa məsələdir. Amma faktiki odur ki, bu gün Amerikada seçki müstəvisində siyasi rəqiblərə qarşı, xüsusilə də müxalif rəqiblərə qarşı dövlət resurslarının dəstəyi ilə müəyyən kampaniyanın apardığını görürük ki, bu da insan haqlarının və demokratiya prinsiplərinin kobud şəkildə pozulması. Buna görə də Amerikanın bu gün belə iddialı mövqedən çıxış etməsi, ancaq münasibətləri korlaya bilər. Məsələn, çox yaxşı olar ki, Birləşmiş Millətlər Təşkilatının özü Amerikada insan haqlarının vəziyyəti ilə bağlı hesabatlar hazırlasın və belə hesabatların hazırlanmasına müxtəlif dünya dövlətlərini də cəlb etsinlər. Onda görmək olar ki, hansı ölkədə insan haqları ilə bağlı vəziyyət necədir. Əlbəttə, biz iddia etmirik ki, Azərbaycanda insan haqları ilə bağlı vəziyyət idealdır. Bəzi problemlər var. Seçkidən tutmuş və başqa müstəvilərdə müxtəlif neqativlərdən danışmaq mümkündür. Amma kiminsə özünü ideal bir nöqtədə təsəvvür edərək, Azərbaycanı tənqid və ittiham obyektinə çevrməsi, əlbəttə, düzgün yanaşma deyil və buna Azərbaycan ictimaiyyətinin mövqeyi, təbii ki, neqativdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31