"Azərbaycan dünyaya Günəş kimi doğacaq” nəzəriyyəsi öz tətbiqinin ən gur çağındadır- ÖZƏL

"Növbəti dönəmdə Prezident kimi fəaliyyət planının ana istiqamətlərini andiçmə mərasimində açıqlayan cənab İlham Əliyev xarici siyasətdə də üz tutduğumuz əsas tərəfi son dərəcə aydın açıqlamışdı". 

Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:

"Bundan əlavə, aprelin 23-də ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxış edən dövlət başçımızın əlavə inteqrasiyanın praktiki üstünlükləri, bunun üstün və mənfi cəhətlərini dəyərləndirib düzgün qərar qəbul etməklə bağlı fikirləri də son dərəcə önəm kəsb edir. Deməli, bir daha aydın olur ki, heç bir tərəfə, heç nəyə deyil, milli maraqlara xidmət edən, ən əsası xalq olaraq xislətimizə uyğun səmimi, ədalətli olan addımlar şərt və məqbuldur. Məhz birinci tərəfdəki arqumentin daha bir göstəricisidir ki, bu gün Azərbaycan həm də reallıqdan çıxış edərək ölkəmizin də daxil olduğu Cənub ölkələrinə xüsusi diqqətin zəruriliyini bildirir.
    İnkarolunmaz faktdır ki, Türkdilli Dövlətlər Təşkilatının məhvəri və məhək daşı Türkiyə və Azərbaycan, onlar arasında olan əlaqələrdir. Bu həm də digər türk dövlətləri üçün zamanında yaradılmış yaxşı bazisdir. Türk dövlətlərini də maqnit kimi ətrafına çəkən məhz bu əlaqələrin cazibə qüvvəsidir. Həm də tarix boyu gördüyümüz hərtərəfli reallıqlar sübut edir ki, bu yol ən düzgün yoldur. Məsələlər isə bir-birinə zəncirvari şəkildə bağlıdır. Hələ ilkin olaraq və heç kimdən deyil, məhz digər türk dövləti Qazaxıstandan söhbət getdiyi üçün bu məqamda onu vurğulayaq ki, Ermənistan və Azərbaycan arasında növbəti və xarici işlər nazirləri səviyyəsində görüşün hər hansı vasitəçiliklə əlaqəli olmadan, məhz platforma, məkan kimi Qazaxıstanda olması ilə bağlı alternativin səsləndirilməsi bir neçə aspektdən müsbətdir. Sübut olunan bir amil də odur ki, bu da kiminsə müdaxilə etmədiyi, siyasi məqsədləri üçün istifadə edilmədiyi zaman həm də dörd kənd məsələsi praktikası ilə iki dövlətin nəticədə ortaq məxrəc tapa bildiyi reallığından xəbər verir. Qazaxıstan Avrasiya İqtisadi Birliyi, KTMT üzvü, TDT üzvüdür. Müzakirələri öz meydanımızda, yaxın region və oxşar baxışımızda saxlamaq ən məqbuldur. Çünki dövlət başçımız onu da bildirdi ki, AİB-də Ermənistandan başqa hər bir aktorla münasibətlərimiz müsbətdir. Çoxtərəfli olaraq digər tərəfdən boylandıqda bu məqamda onu da bildirək ki, Qırğızıstan daşqınlardan zərər çəkmiş Orenburq vilayətinin əhalisi üçün Rusiyaya humanitar yardım karvanı göndərib. Boy boylamaq, soy soylamaq məsələsinə, onun önəm və gözəlliyinə gəldikdə isə Qırğızıstanla Azərbaycanı da digər türk dövətləri kimi ortaq soy, kök, mədəniyyət bağlayır. Ağacın bəhrə verən digər qollarına da zərər vermədən armud dibinə düşməlidir. Bu, sadə dillə desək. Azərbaycanın tutduğu, hər bir tərəfə nümunə olacaq yoldur. Axı dövlət başçımız bunu sadəcə region və Mərkəzi Asiya ölkələri üçün deyil, digər meydan olan aktor və regionlar üçün də izah etdi. 
    Qırğızıstanla dövlət başçıları, xarici işlər nazirləri səviyyəsində səfər və görüşlərin intensivliyi də münasibətlərimizin müsbət dinamikasının göstəricisidir. Qırğızıstandakı diasporamızda akademik mühitin təmsilçilərinin olması münasibətlərin daha sağlam, şüurlu və əqidəli bazis üzərində irəliləməsinə güclü töhfə verəcək. Qırğız yazıçısı Çingiz Aytmatovun isə ən az bir əsərini oxumayan, ondan xəbərdar olmayan geniş anlamda soydaşımız yoxdur. Buna görədir ki, dövlət başçımız Çingiz Aytmatovun Bakıdakı abidəsinin açılışını onun xatirəsinə ehtiram əlaməti, həmçinin Qırğızıstan-Azərbaycan qardaşlığının daha bir rəmzi olduğunu bildirdi. Qırğızıstanla münasibətlərimizin təməlini Ümummilli Liderimiz Heydər Əliyev qoyub. Mədəniyyətin inkişafına hər zaman həssas münasibət göstərən fenomenal şəxsiyyət, hər bir azərbaycanlının qürur mənbəyi Ulu öndərimiz iki ölkənin mədəni əlaqələrinin inkişafına da xüsusi önəm vermişdir. Münasibətlərimizi  strateji tərəfdaşlıq səviyyəsinə yüksəldən isə mahir diplomat cənab İlham Əliyev bu gün nəinki Qırğızıstanla, bütün türk ailəsi ilə münasibətlərdə yeni səhifənin açılmasını əldə etdiyi Şanlı Zəfərlə təmin etdi.
    Qarabağın dirçəldilməsi sadəcə dövlətlər deyil, fəaliyyətləri sərhədləri aşan iş adamları səviyyəsində də hər bir azərbaycanlının, türkün həssas nöqtəsi olmalıdır. Yəni, hər kəs əlini daşın altına qoymalıdır. Bu baxımdan da Türkiyə, Özbəkistan və Qazaxıstan kimi Qırğızıstanın da Ağdamın Xıdırlı kəndində məktəb binasının tikintisini realizə etməsi uzanan qardaşı əli, dost dəstəyidirsə, həm də qeyd etdiyimiz cazibə qüvvəsi kontekstində Günəş kütləsinin planetlərin kütləsinin hamısından böyük olduğu reallığıdır.
    Bu yerdə bir məsələni vurğulamadan keçmək olmaz. Forumda dövlət başçımız ABŞ-dan olan professorun sualına çox tutarlı cavablar verdi. O baxımdan ki, Rusiyaya səfər çərçivəsində sadəcə ikitərəfli və Cənubi Qafqazdakı vəziyyətlə bağlı məsələləri müzakirə etdiyimizi bildirməyimiz "qaşınmayan yerdən qan çıxartmayın" demək idi. "Rusiya-Ukrayna müharibəsinin necə başa çatacağını bilən şəxs Nobel Sülh Mükafatına namizəd olmalıdır" haqlı ritorikası isə dövriyyəyə buraxılan son dərəcə absurd davranışa göndərmə idi. Odur ki, Ermənistan üçün, həm də Ermənistana deyilməlidir ki, "döyməyin taxta qapımızı, döyməyək dəmir qapıları".  Təsadüfi deyil ki, Qırğızıstan lideri ilə mətbuata birgə bəyanatlarla çıxış edərkən dövlət başçımız Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirdiyi üçün əlaqələrimizi duru "təbii" sözü ilə xarakterizə etdi. Yəni, təbiilik fonunda süni şəkildə "Günəşə" palçıq suvamaq onu qaraltmağın yollarıdır ki, buna icazə verməyəcəyik, Ermənistanı isə "zülmətə qərq etməyin". 
    Sadır Japarovun səmimi qonaqpərvərlik və qəbul amilini xüsusilə vurğulaması ilə dövlət başçımızın bundan öncə beynəlxalq forumda əsas üsul və əsas həll yolunun ədalətli və düzgün olmaqdan keçdiyini bildirməsi yolumuzun xarici actor tərəfindən təsdiqidir. İki dövlətin müxtəlif qurumları arasında imzalanan sənədlər fəaliyyət istiqamətlərinin budan sonra çoxşaxəli və koordinasiyalı təbiətindən xəbər verir. Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığın möhkəmləndirilmiş münasibətlərinin qurulması üzrə Birgə Bəyannamənin imzalanmasını isə haqlı olaraq qırğız lideri praktikada formalaşmış ikitərəfli strateji münasibətlərin daha dərin xarakterinin rəsmi şəkildə təsbiti kimi xarakterizə etdi. Azərbaycan-Qırğız İnkişaf Fondunun Nizamnamə fondunun statistik göstəricisinin 4 dəfə - 25 milyon dollardan 100 milyon dollara qədər artırılmasının isə məhz çoxlu müraciət, tələb nəticəsində baş verməsi də bu arqumenti gücləndirən amildir. Deməli, aşağıdan gələn tələb istəyə bağlıdır.
    Əldə etdiyimiz silsilə uğurlar fonunda mövcud müstəvidə yaşadığımız reallıqlar bir daha onu sübut edir ki, yüksək hədəflər qoyularaq əbədiyaşar Ümummilli Liderimiz Heydər Əliyevin "Azərbaycan dünyaya Günəş kimi doğacaq" nəzəriyyəsi bu gün dahi Liderimiz cənab Prezident İlham Əliyev tərəfindən öz tətbiqinin ən gur çağındadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31