Azərbaycanla Rusiya arasında dostluq əlaqələrinin əsası ulu öndər tərəfindən qoyulub- ÖZƏL
24 Aprel 2024 12:17 Siyasət"Heydər Əliyev elə bir dahi şəxsiyyətdir ki, vaxtı ilə SSRİ dövründə gördüyü işlər bu günkü Rusiya kimi dünyanın ən böyük və güclü bir dövlətin iqtisadiyyatına böyük töhfələr verir. Bu gün dünyada aktual olan Şimal-Cənub marşrut xəttinin əsası ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə çəkilmiş dəmir yolu xətti olduqca əhəmiyyət kəsb edir". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Kamilə Əliyeva deyib: "Rusiya Federasiyasının Ali rəhbərliyi də ulu öndər Heydər Əliyevin xatirəsinin hər zaman Rusiyada anılacağını vurğuladı. Azərbaycanla Rusiya Federasiyası arasında bugünkü dostluq əlaqələrinin əsası da ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanla Rusiya arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsinə başlandı. Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci il iyulun 3-də imzalanan "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında" müqavilə ikitərəfli münasibətlərin hüquqi bazasını təşkil etdi".