Azərbaycanın manevr imkanları artır- ÖZƏL

"Moskvada cənab Prezidentimiz İlham Əliyevin Prezident Vladimir Putinlə təkbətək görüşündə söylənilən fikirlərdən bəzi nəticələr çıxarmaq olar. İlk növbədə, görüş tarixi yaddaş baxımından önəmli idi. Bəlli olduğu kimi, tarixi yaddaşda olan xoş səhifələr həmişə münasibətlərə müsbət təsir edir. Görüşün Rusiya və bir sıra ölkələr üçün böyük strateji əhəmiyyət daşıyan Baykal-Amur magistralının açılışının 50 illiyinə tən gəlməsi təsadüfi deyildir". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Musa Qasımlı deyib:  "Hələ XX əsrin 20-ci illərinin sonlarından sovet dövləti BAM-ın tikintisinə nə qədər çalışmışdısa, hətta dustaqları bu işə cəlb etmişdisə, on minlərlə insan bu yolda həyatlarını itirmişdilərsə də nəticə hasil olmamışdı. Ümumititfaq işi adlandırılan bu iş yalnız Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin rəhbərliyi altında başa çatdırılmışdı.

İkincisi, ölkələrimiz arasında  münasibətlərin maddi təməlləri olan ticarət-iqtisadi əməkdaşlıq artır. Məlum olduğu kimi, beynəlxalq münasibətlərdə bir çox dövlətlər sənədlər imzalaya, bəyanat verə bilərlər, amma münasibətlərin maddi təməlləri möhkəm deyilsə, onun  baş verə biləcək böhranlı anlarda qırılma ehtimalı yüksəkdir. 

Üçüncüsü, regional təhlükəsizlik məsələləri Azərbaycan və Rusiya arasında münasibətlərdə xüsusi yer tutur. Xırdalığına getmədən deyək ki, artıq iki ölkə arasında münasibətlərin inkişafına mane olan və ya ola biləcək prinsipial amillər (vaxtilə işğalçıya yardım edilməsi, qoşunların ərazimizdə olması və s. ) aradan qaldırılıb. Rusiya və Azərbaycan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə əsasında işlərini qururlar. Cənab Prezidentimizin söylədiyi aşağıdakı fikirlər əməkdaşlığımızın səviyyəsini və Azərbaycanın region, dünya siyasətində rolunun artdığını göstərir: "Regional təhlükəsizlik məsələləri həmişə bizim görüşümüzün gündəliyindədir. Biz, həmçinin şadıq ki, onlar öz həllini tapır. Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir. Ölkələrimiz arasında əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox şey asılıdır."

Bilindiyi kimi, hər bir ölkənin təhlükəsizliyinin tərkib hissələrindən biri nəqliyyat-kommunikasiya xətlərinin etibarlı qorunmasıdır.  Ukrayna ilə müharibə getdiyindən Qərbə çıxışı demək olar ki, bağlı qalan Rusiya Azərbaycana ehtiyac duyur. Burada isə heç də hamının bəyənmədiyi "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyəti artır. Yenə də Azərbaycan açar ölkəyə, söz sahibinə çevrilir, manevr imkanları artır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31