Ermənistanın Avropa İttifaqı qarşısında ayrılmış yardımla bağlı konkret öhdəlikləri var-Yusif Bağırzadə- ÖZƏL
23 Aprel 2024 11:16 Siyasət"Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın regiona və xüsusilə də, Ermənistana səfərləri artıq mütəmadi hal alıb və bu da təbiidir".
Bu fikirləri politoloq Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:
"Əvvəla ona görə ki, xüsusilə 5 aprel Brüssel görüşündən və Avropa İttifaqının Ermənistan yardımla bağlı qəbul etdiyi qərarlardan sonra Ermənistan və Avropa İttifaqı arasında təmasların artacağı gözlənilən idi. Ermənistanın Avropa İttifaqı qarşısında ayrılmış yardımla bağlı konkret öhdəlikləri var və bu baxımdan Avropa İttifaqı rəsmisinin səfəri həmin öhdəliklərin icra vəziyyətinə nəzarət məqsədi daşıyır.
Daha bir səbəb təbii ki, Ermənistan tərəfindən 4 kəndimizin azad olunması ilə qəbul olunmuş razılaşmanın yaratdığı yeni situasiya ilə bağlıdır. Bu razılaşma faktiki olaraq üçüncü tərəflərin iştirakı olmadan əldə olunub və Avropa İttifaqının təmsilçisi də razılaşmanın detalları ilə bağlı əlavə məlumat almaq istəyə bilər.
Mümkündür ki, səfər həmçinin Ermənistan hakimiyyətinin qəbul etdiyi qərarlarla bağlı Ermənistanda artan antipaşinyan mövqeyi fonunda Paşinyan hakimiyyətinə dəstək məqsədi daşısın".