Bu gün Moskva və Bakı arasında çox sıx münasibət var-Kazım Kazımov- ÖZƏL

"Azərbaycan və Rusiyayla əlaqələr stratejik önəmə sahibdir. Çünki Rusiya və Azərbaycan xalqının tarix, ədəbiyyat, mədəniyyət və digər sahələrdə uzaq keçmişə dayanan əlaqələri vardır". 

Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:

"Bu əlaqələrin bu gün bu cür inkişaf etməsi cənab Prezident İlham Əliyevin Moskva səfərindəki həm Rusiya prezidenti Vladimir Putinin, həm cənab Prezidentin vurğuladığı məqamlar, atılan imzalar və müqavilələr bunu göstərir ki, bu gün Moskva və Bakı arasında çox sıx münasibət var. Bilirik ki, bu gün Rusiyayla Qərb arasında çox ciddi şəkildə mübarizə gedir. Bəzən bu mübarizə fərqli-fərqli regionlara sirayət edir. Ukraynadakı müharibə Qərblə Rusiyanın mübarizəsinin qaynar nöqtəsinə çevrildi. Yenə eyni şəkildə Qərblə Rusiya münasibətləri zaman-zaman Orta Asiyada və hətta Cənubi Qafqazda Ermənistan üzərində kəskinləşir. Bilirik ki, Nikol Paşinyan hakimiyyəti dünən Rusiyayla yaxınlıq edirdisə, bu gün Qərblə yaxınlıq edir. Azərbaycan isə əksinə olaraq Rusiyayla bərabər hüquqlu və həqiqətən də dostluq münasibətlərinə uyğun bir siyasət həyata keçirir. Azərbaycan Rusiya və Qərb mübarizəsində hər hansısa tərəfin yanında durmayaraq müstəqil şəkildə öz balans siyasətini qoruyaraq həm Azərbaycanın gələcəyini güvəncə altına alır, həm də yeni Qərb-Rusiya mübarizəsinin meydanına çevrilmək istəmir. Bu da təbii ki, uğurlu bir siyasətin nəticəsidir. Digər yandan Azərbaycanla Rusiya arasında uzun illərdən bəri ticarət, iqtisadiyyat, hərbi və digər çox saylı sahələrdə əməkdaşlıqlar var. Bu gün bu əməkdaşlıqların yaxşılaşdırılması heç də mənfi hal deyil. Tam əksinə, çox müsbət haldır. Ona görə bu gün cənab Əliyevin Moskva səfəri çox məmnun edici haldır. Bu gün biz görürük ki, Azərbaycan həqiqətən də dünyada önəmli olan Rusiya kimi bir ölkə tərəfindən bir dost kimi qəbul edilir. Bu da özlüyündə çox müsbət haldır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31