Hər iki ölkə arasında ən yüksək səviyyədə etimad mövcuddur-Vüqar Əhmədov- ÖZƏL
22 Aprel 2024 19:28 Siyasət"Azərbaycanla Rusiya arasında münasibətlərin strateji xarakter daşımasında hər iki ölkə liderinin böyük rolu vardır. Prezident Əliyev və Prezident Putin arasında yüksək anlaşma mövcuddur və hər iki tərəf bunu dövlətlərarası səviyyədə 2022-ci ilin 22 Fevral tarixində rəsmiləşdirib. İki ölkə arasında ticarət dövriyyəsi artmaqda davam edir, bunu Moskvada keçirilən görüşdə liderlər təsdiqlədilər".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov qeyd edib:
"Böyük ehtimal səfər zamanı ölkələr arasında regionda baş verən son proseslər, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsi, Zəngəzur dəhlizi və Cənubi Qafqazda regional təhlükəsizlik məsələləri müzakirə olunacaq. Azərbaycanla Rusiya arasında münasibətlər təkcə iki ölkənin gündəmini əhatə etmir, eyni zamanda regional təhlükəsizlik xarakteri daşıyır, bu mənada xüsusən Rusiya sülhməramləlarının Qarabağı tərk etməyə başlayandan sonra regional təhlükəsizliklə bağlı məsələlər iki ölkə liderinin əsas müzakirə mövzusu olacaq. Hesab edirəm ki, bu məsələdə hər iki ölkə arasında ən yüksək səviyyədə etimad mövcuddur.
Ötən dövrə nəzər salsaq və qiymətləndirsək görərik ki, Rusiya ilə Azərbaycan arasında Qarabağda sülhməramlıların fəaliyyəti, Ağdamda monitorinq mərkəzinin işinin təşkili yaxşı təşkil olunmuşdur, bu isə hər iki ölkənin rəhbərliyi arasında yüksək siyasi dialoqun olmasından xəbər verir. Bu səfəri münasibətlərin inkişafında yeni səhifə hesab etmək olar, bütün səfərlərdə olduğu kimi Prezident İlham Əliyevin bu səfərində də Rusiya ilə Azərbaycan arasında əlaqələrin xüsusi xarakter daşıdığını demək mümkündür və müzakirə olunacaq məsələlər bu münasibətlərin ruhuna tam uyğundur".