İndi Cənubi Qafqazda sabitlik üçün daha da münbit şərait yarandı-Elçin Xalidbəyli- ÖZƏL
22 Aprel 2024 16:38 Siyasət"Azərbaycan və Ermənistan delimitasiya komissiyalarının ortaq qərarına əsasən Azərbaycana aid kəndlərin geri qaytarılması rəsmi Bakının çox böyük uğurudur".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib:
"Çünki əvvəl-axır Azərbaycan öz ərazilərini son kəndinə, metrinə qədər geri qaytarmalıdı və sərhədlərin delimitasiyası prosesi Azərbaycana aid ərazilərin tam şəkildə Azərbaycan sərhədləri içərisində olması ilə yekunlaşmalıdır. Rəsmi Bakı bu hədəfə çatmaq üçün bütün metodlardan istifadə edir. Belə anlaşılır ki, əgər danışıqlar yolu ilə həlli mümkün olmasaydı, rəsmi Bakı başqa metodlarla da yerinə yetirməli olacaqdı. Göründüyü kimi, Azərbaycan dövləti heç bir hərbi, siyasi gərginliyə yol vermədən bu məsələni Ermənistanla anlaşaraq həll etməyə nail oldu. Artıq Azərbaycanın 4 kəndi Azərbaycana qaytarılır və bu 4 kəndin geri qaytarılması o deməkdir ki, Cənubi Qafqazda sülh və sabitlik üçün daha da münbit şərait yaranmış oldu. Azərbaycan ərazilərinin qaytarılması həm də gələcəkdə yekun sülh sazişinin imzalanmasını da tezləşdirə bilər. Çünki Azərbaycan və Ermənistan arasında ziddiyətli problemlərin, məqamların bir-birinin ardınca həll olunması son nəticədə sülh sazişinin önünü açır, onun qarşısındakı əngəllərin azalmasına səbəb olur. Bu da tezliklə sülh sazişinin imzalanması üçün münbit şərait yaradır. Bu baxımdan Azərbaycanın 4 kəndinin geri qaytarılması çox tarixi hadisədir. Çox önəmli hadisədir. Bu təkcə Azərbaycan üçün yox, ümumiyyətlə Cənubi Qafqaz regionu üçün əhəmiyyətli məsələdir. Cənubi Qafqazda hərbi gərginliyin aşağı düşməsinə münbit şərait yaradan hadisədir. 4 kəndin geri qaytarılmasını hansısa hərbi gərginliyə ehtiyac duymadan həll etməyi rəsmi Bakının böyük uğuru və nailiyyətidir. Buna görə də rəsmi Bakının apardığı bu siyasəti təqdir etmək üçün kifayət qədər ciddi əsaslar var. Hazırda bu proseslərin Azərbaycanın xeyrinə cərəyan etməsi də böyük uğurdur".