Müdrik və unikal siyasətin nəticəsi
22 Aprel 2024 13:42 Siyasət"Həqiqətən də çox qürürlu və xoşbəxt günlər yaşamaqda, ard-arda qələbə xəbərlərini almaqdayıq. Artıq bu həftə ərzində ikinci böyük qələbə xəbərini almışıq. Belə ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Sədaqət Vəliyeva deyib: "Bir güllə belə atılmadan, heç bir qan tökülmədən 4 kəndimizin geri qayıtması möhtərəm prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi müdrik, unikal, bənzərsiz və milli maraqlarımızın qorunmasına hesablanmış uğurlu siyasətinin nəticəsidir. Son dövrlər bəzi ölkələrin Ermənistanı silahlandırmasının, təxribata çəkmək istəməsinin, sülhə mane olmasının şahidi oluruq. Bütün bunların fonunda belə bir razılığın əldə olunması həmin dairələrin istəklərinin ürəyində qalmasının göstəricisidir və Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması istiqamətində atılmış mühüm bir addımdır.
Bu cür addımlar Ermənistan çox xeyir verəcək. Yaxşı olardı ki, Ermənistan tərəfi vəziyyəti düzgün dəyərləndirsin: heç bir təxribata getməyərək, müstəqil siyasət yürütsün, qələbələrimizdən və ən əsası nəyi, nə zaman və necə etməyi çox yaxşı bilən Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xəbərdarlıqlarından nəticə çıxarsın".