4 kəndin qeyd olunmuş vəziyyətdə qaytarılması Ağdam, Kəlbəcər, Laçının bir güllə atılmadan qaytarılması kimi hadisədir-Oqtay Qasımov- ÖZƏL

"Azərbaycanın işğal altında olan anklav və qeyri-anklav 8 yaşayış məntəqəsinin qaytarılması məsələsi ilk dəfə 10 noyabr üçtərəfli bəyanatında qaldırılmışdı. Bu bəyanatın çap olunmuş ilkin variantında həmin məsələ öz əksini tapmışdır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov qeyd edib:

"Sonradan Ermənistanın xahişini və öz üzərinə götürdüyü öhdəlik və vədlərə uyğun olaraq Azərbaycan tərəfi xoşməram nümayiş etdirib bu məsələnin həmin bəyanatdan çıxmasını şifahi razılaşma nəticəsində razılıq vermişdir. Bundan sonrakı dövrdə xüsusilə Ermənistanı dəstəkləyən və onu təşviq edən bir çox qüvvələr tərəfindən ümumiyyətlə, Azərbaycan-Ermənistan arasında sülh prosesinin aparılması və sülh müqaviləsinin imzalanması məsələsi yubadılmağa başladı. Ermənistan müxtəlif təxribatlara təhrik olundu. O cümlədən Qarabağ ərazisində qalmaqda olan separatçı quruma 4 il müddətində təxminən bir milyard 300 milyon dollar dəyərində yardımlar edildi. Bu faktiki olaraq Azərbaycana ərazi iddialarının davamı idi. İlin əvvəlindən bu məsələ artıq qəti şəkildə gündəmə gətirilmişdi. İlk dəfə publik olaraq 2023-cü ilin oktyabr ayında Azərbaycan Prezintinin Aİ prezidenti ilə telefon danışığında müzakirə olunmuş və ictimaiyyətin diqqətinə çatdırılmışdır. Delimitasiya komissiyalarının görüşündə də bu məsələ daim gündəm mövzusu idi. Heç təsadüfi deyil ki, keçən ayın 4-də Şahin Mustafayevin ofisindən verilən açıqlamada 8 kəndlə bağlı qəti mövqe sərgilənmişdir. Bu açıqlamada anklav olmayan 4 kəndin dərhal və qeyd-şərtsiz geri verilməsi tələbi irəli sürülmüş, qalan 4 kəndin məsələsinin isə delimitasiya prosedinin həllinin vacibliyi təklifi önə sürülmüşdür.
Ermənistan cəmiyyətində də bu məsələlər müzakirə olunmuşdur. Ermənistan cəmiyyətinin revanşist, millətçi hissəsi bu məsələlərə etiraz etmiş və Paşinyan hakimiyyəti bunun üzərindən sıxışdırmağa çalışırdı. 
 Paşinyan 2 dəfə bölgəyə səfər etdi. Yerli əhali ilə görüşdə bir çox məsələlər aydınlıq gətirildi. Son dövrlər Ermənistan rəhbərliyinə daxil olan şəxslərin bir çoxunun, o cümlədən deputatların dilindən erməni cəmiyyətinə mesajlar gördük. Onlar açıq şəkildə bildidilər ki, həmin kəndlər həm tarixən, həm sovet dövrü bütün dövrlərdə Azərbaycana məxsus olub. Bunun əksini iddia etmək mümkün deyil. Bu baxımdan erməni tərəfinin artıq konstruktiv nümayiş etdirərək kəndlərin qaytarılması məsələsini dinc və diplomatik yolla həllinə getməsi vacib məsələdir və Azərbaycan tərəfinin uğurudur. Ümumiyyətlə, bundan sonrakı proseslərə pozitiv təsir edən amillərdən sayıla bilər. Yəni 4 kəndin qeyd olunmuş vəziyyətdə qaytarılması təxminən bizə üçtərəfli bəyanatdan sonra Ağdam, Kəlbəcər, Laçının bir güllə atılmadan qaytarılması kimi hadisədir. Bu, onun göstəricisidir ki, Azərbaycan artıq 2020-ci ilin 27 sentyabrından başlanan prosesləri uğurlu şəkildə davam etdirməkdədir. Bölgədə sülhün, gərginliyin azaldılmasında dünənki baş verən hadisə də önəmli bir əhəmiyyət daşıyır.
Bu onun göstəricisidir ki, tərəflər birbaşa danışıqlara getdikləri zaman onlar məsələləri daha konstruktuv və sürətli həll edə bilirlər, nəinki hansısa vasitəçilərin olduğu müstəvilərdə. O baxımdan bundan sonra da ikitərəfli danışıqların aparılması prosesə ancaq və ancaq müsbət təsir edə bilər. Təbii ki, dünənki hadisədə hər iki ölkə arasındakı münasibətlərə, həm də Güney Qafqazdakı proseslərə müsbət təsir edən amillərdəndir. Təbii ki, Ermənistan müstəqil dövlət olmadığından biz hələ də bu məsələlərin tam şəkildə həll olunduğunu düşünə bilmərik. Çünki Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayana, sərhədlər tam şəkildə delimitasiya olunmayana, kommunikasiyalar, xüsusilə də Zəngəzur dəhlizi istədiyimiz şəkildə işə düşməyənə qədər təbii ki, gərginliyin sovuşduğunu söyləmək çətindir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31