Regionların potensialından səmərəli istifadə edilməlidir- ÖZƏL
19 Aprel 2024 16:31 Siyasət"Son 20 ildən artıq dövrdə atılan addımlar neft kapitalının insan kapitalına çevrilməsinin zərurət olduğunu ortaya qoydu. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, görülən işlər enerji sektorundan asılılığı minimuma endirir. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını əsas hədəf kimi qarşıya qoydu". "Olaylar" xəbər verir ki, bunu YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov deyib: "Bu hədəfə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadəyə çağırış edildi. Regional inkişaf Proqramlarının qəbulu və onların uğurlu icrası hər bir bölgənin həyatında yeniliklərlə müşayiət olunur. Belə ki, icra edilən dörd sənədin hər birində ayrı-ayrı bölgələr üzrə görüləcək işlər və onlara nail olmaq üçün icra mexanizmləri öz əksini tapdı. Dövlət başçısı İlham Əliyevin görülən işlərlə yaxından tanış olmaq məqsədilə regionlara davamlı səfərləri bugünkü uğurlarda əhəmiyyətli rol oynayır. Hər bir səfər yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır".