İran Azərbaycan kimi etibarlı qonşunu itirir- Mübariz Göyüşlü- ÖZƏL
19 Aprel 2024 16:30 Siyasətİranın Ermənistandakı səfiri Mehdi Sobhani İkinci Qarabağ müharibəsində erməni əsgərlərinin İsrail silahı ilə öldürüldüyünü qeyd edib. Azərbaycanla dostluq münasibətləridə maraqlı olduğunu bəyan edən İran özünün Ermənistandakı səfirinin cəfəng açıqlamalarına niyə imkan verir?
Məsələ ilə bağlı Olaylar.az-a açıqlama verən siyasi şərhçi Mübariz Göyüşlü bu cür açıqlamaların onda təəssüf doğurduğunu qeyd edir:
"Təəssüf edirəm ki, İran dövlətinin rəsmiləri belə açıqlamalarla çıxış edirlər. Bu açıqlamalar iki dövlət arasındakı mehriban qonşuluq münasibətlərinin ruhuna uyğun deyil. İran dövlətini təmsil edən rəsmi şəxslər, xüsusən səfirlər, diplomatik missiya daşıyan şəxslər diqqətli olmalıdırlar. Azərbaycan Prezidenti İkinci Qarabağ müharibəsindən sonra Xudafərin körpüsünə doğru gələrkən o sərhəddi Azərbaycan-İran sərhəddi elan etdi. Bizim yanaşmamız bundan ibarətdir ki, biz mehriban qonşuluq, dostluq münasibəti saxlamaq istəyirik. Amma əgər kimlərsə, istər İrandakı SEPAH və ona bağlı qüvvələr, istər hansısa radikal qüvvələr Azərbaycanla münasibətləri pozmaq üçün belə qərəzli çıxışlar edirlərsə, mən buna yalnız təəssüflənirəm. Deyim ki, Azərbaycan bundan heç nə itirmir. Əlbəttə biz, mehriban qonşuluq siyasətinin olmasını istəyərik. Əgər qarşı tərəf bunu istəmirsə, belə qərəzli çıxışlar edirsə, biz, təbii ki, bu məsələnin cavabını verəcəyik. Burda itirən İranın özüdür. Nə itirir? İran Azərbaycan kimi partnyoru itirir. İran Azərbaycan kimi etibarlı qonşunu itirir. O etibarlı qonşu ki, Azərbaycan heç zaman öz ərazisindən Qərb dövlətlərinin hansısa silahlı qüvvələrinin yerləşdirilməsinə, onlardan İrana qarşı istifadə olunmasına imkan verməyib. İsrailə də imkan verməyib. Bununla bağlı yayılan fikirlər yalandır. Amma Ermənistanın ərazisində hazırda Avropa İttifaqının yarımhərbiləşdirilmiş qoşunları var. Ermənistan NATO-nun, Aİ-nin hərbi birləşmələrini gətiməkdə maraqlıdır, Amerika ilə təlimlər keçir. İran səfiri əgər onu müdafiə edirsə, zaman gələcək, nə boyda yalnış addım atdıqlarının fərqində olacaqlar. Mən, bunu açıqlamaq istəyirəm. Bunun Azərbaycan-İran qonşuluq münasibətlərinin ruhuna zidd olduğunu elan edirəm. Hesab edirəm ki, İranda bu münasibətlərin normal olması gərəkdiyini anlayan şəxslər bu məsələlərin əleyhinə çıxmalıdırlar və belə məsələlərin gündəmə gəlməsinə imkan verməməlidirlər".