Azərbaycan-Rusiya münasibətləri beynəlxalq əlaqələr sistemində işlək amillərdən birinə çevrilib- ÖZƏL
19 Aprel 2024 16:25 Siyasət"Həqiqətən də Rusiya Federasiyasının hərbi kontingentinin Azərbaycan torpaqlarından, xüsusilə Qarabağ bölgəsindən çıxarılması Azərbaycan diplomatiyasının növbəti zəfəri, qələbəsidir. Biz bu problemin həllində Prezident İlham Əliyevin çevik yanaşmasının, mobil davranmasının şahidi olduq".
Bu fikirləri politoloq Tofiq Abbasov Olaylar.az-a açıqlamasında bildirib:
"Çünki adətən belə məsələlər həmişə qıcıq doğuran tərzdə özünü əks etdirir. Digər tərəfdən daha böyük ölkələrin qəzəbinə səbəb olur və nəhayət onlar dirəniş göstərməyə başlayırlar. Amma Azərbaycan-Rusiya münasibətləri kontekstində rəsmi Bakının sözü, yanaşmaları təqdir olunur, Rusiya tərəfinin qıcığına səbəb olmur. Siyasi dialoqun ahəngdar tərzdə davamı Rusiyanın Azərbaycanı həm strateji tərəfdaşı, həm etibarlı qonşusu kimi qəbul etdiyini göstərir. Bu işdən Rusiyanın özünün faydaları var. Bu sirr deyil ki, qonşuluq siyasətində həmahəng fəaliyyət göstərmək, bir-birini tamamlamaq özü-özlüyündə bir məharət, qabiliyyət tələb edir. Bu baxımdan məhz Azərbaycan tərəfi, xüsusilə də əvvəlcə mərhum Prezidentimiz Heydər Əliyevin böyük xidmətləri oldu. Sonra isə İlham Əliyev o proqmatik xətti davam etdirərək belə qənaətbəxş şəraitin formalaşmasına nail oldu. Bu bir daha realistik diplomatiyanın istifadə edilməsinin beynəlxalq mühitin saflaşmasına, şəffaşlamasına, iştirakçı ölkələrin maraqlarının təmin olunmasına nə qədər şərait yaratdığını göstərir. Əlbəttə, böyük bir sevinc hissi yaşayırıq və bu bizim üçün adi məsələ deyil. Yəni burada Azərbaycan tərəfinin iştirakı özünü memar qismində əks etdirdi. Rusiya elitası Azərbaycanı həmişə işlək, özünü təsdiqləmiş bir qüvvə kimi qəbul edirdi və bu gün də edir, Prezident İlham Əliyevin mövqeyini Moskvanın nə qədər nəzərə aldığını görürük. Moskva anlayır ki, Azərbaycan diplomatiyasının gördüyü işlərin hamısının Rusiyanın cənubunda daha etibarlı konyukturanın formalaşmasına xidmət edən bir amildir. Ümumilikdə Azərbaycan-Rusiya münasibətləri beynəlxalq əlaqələr sistemində artıq işlək amillərdən birinə çevrilib".