Bu, Prezident İlham Əliyevin qətiyyəti ilə bağlıdır-Xəyal Bəşirov- ÖZƏL

"10 noyabr 2020-ci il tarixli bəyanatla müvəqqəti Azərbaycan ərazisinə yerləşdirilən sülhməramlı qüvvələrin Azərbaycanda müvəqqəti olması ilə bağlı Azərbaycan dövləti, rəsmi şəxslər həmişə mövqe bildirirdi. Artıq müvəqqəti yerləşdirilən sülhməramlı kontingent Azərbaycan ərazisindən çıxarılır. Təbii ki, bu, Rusiya dövləti ilə Azərbaycan dövlətinin Ali Rəhbərliyi arasında əldə edilmiş razılaşmaya uyğundur".

Bu fikirləri Olaylar.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov qeyd edib:

"Bununla bağlı Prezidentin köməkçisi Hikmət Hacıyev də öz mövqeyini bildirdi. Bu, bir daha ondan xəbər verir ki, Azərbaycan imzaladığı bütün sənədlərə, o cümlədən 10 noyabr 2020-ci il tarixli bəyanatın tələblərinə riayət edir. Eyni zamanda qarşı tərəfdən də öz üzərlərinə götürdüyü öhdəliyi yerinə yetirməsini tələb edir. Bu, həm Ermənistana münasibətdə belədir, həm də bəzi məqamlarda Rusiya tərəfinin də sülhməramlılarla bağlı öz üzərinə götürdüyü öhdəliklər var idi. Azərbaycanın mövqeyi qəti idi. Məlum oldu ki, bu məsələdə də Rusiya dövləti Azərbaycan dövlətinin mövqeyinə hörmətlə yanaşır. İmzaladığı sənədə hörmətlə yanaşır. Rusiya sülhməramlı kontingenti həmin sənədə imza atan prezidentlərin imzasına hörmətlə yanaşır. Düşünürəm ki, artıq Azərbaycan məntiqi ardıcıllıqla keçmiş münaqişə məsələlərinin həllinə nail olur. Ərazi bütövlüyümüzü təmin etdik, qələbə çaldıq, suverenliyimizi təmin etdik. Artıq Xankəndi, Qarabağ məsələsi həllini tapıb, sülhməramlı kontingent məsələsi də öz həllini tapmaqdadır. Bu proses davam edir və düşünürəm ki, qısa müddət ərzində yekunlaşacaq. 2022-ci ilin 6 oktyabr tarixində sülhməramlı kontingentin ora yerləşdirilməsinə cavab olaraq Avropa İttifaqının mülki missiyası adı altında Fransa, Almaniya və digər dövlətlərin silahlı qüvvələri də Azərbaycan və Ermənistan ərazisinə yerləşmək istəyirdi. Azərbaycan bundan imtina etdi. Çünki, Azərbaycan bilirdi ki, onlar ora xoş niyyətlə yerləşmək istəmirlər. Onların Ermənistan ərazisində müşahidəçi qismində yerləşməsinə razılıq verdik. Söhbət silahlılardan, kəşfiyyatçılardan, hərbiçilərdən getmirdi. Sonra bizə məlum oldu ki, həmin 40 nəfərin həm müddəti uzadıldı, həm də onların təyinatı dəyişdirildi. Artıq kəşfiyyatçılar, hərbiçilər, polis işçiləri, jandarma qüvvələri yerlədirilib və onlarda da ordan yaxın müddətdə çıxmaq niyyətində deyillər. Əksinə orda yuva qurmaq istəyirlər. Azərbaycan öz ərazisindən Rusiya sülhməramlılarını çıxartdı. Artıq növbə Ermənistandadır. Növbə Avropa İttifaqının mülki missiya adı altında faktiki olaraq NATO kimi ora yerləşən qüvvələrdədir. Onların ordan çıxmasını gözləyirik. Düşünürəm ki, artıq Ermənistan onların Ermənistan ərazisindən çıxarılması ilə bağlı mövqe ortaya qoymalıdır. Əgər etməyəcəksə, yaxud onlar özləri ordan çıxmayacaqlarsa, deməli, regionda məkrli və hiyləgər oyun oynamaq istəyən tərəf məhz Ermənistan vasitəsi ilə Qərb, Fransa, ABŞ və digərləridir, hansı ki, 5 aprel görüşünü təşkil etdilər. Hansı ki, AŞPA-da 24 yanvar tarixində Azərbaycana qarşı siyasi oyun hazırladılar və bu prosesi davam etdirməkdədirlər. Düşünürəm ki, hər şeyi öz adı ilə çağırmaq lazımdır. Azərbaycan müstəqil dövlətdir. Azərbaycan öz suverenliyini, təhlükəsizliyini öz gücünə qorumaq iqtidarındadır. Ona görə də, Azərbaycan öz ərazisində digər dövlətlərin silahlılarının olması ilə barışmır. Təbii ki, sülhməramlı kontingent başqa bir şeydir. Sülhməramlə kontingent də həm öz vəzifələrinə, həm də eyni zamanda orda olduğu müddətlə bağlı tələbə riayət etməlidir. Necə ki, artıq Rusiya tərəfi ermənilərin Qarabağdan çıxmasından sonra orda qalmalarına heç bir zəruriyyət olmadığı səbəbindən ordan çıxdılar. Bu da bir daha göstərir ki, Prezident İlham Əliyev öz qətiyyətini həmişə ortaya qoyub. İlham Əliyev Azərbaycan dövlətinin və dövlətçiliyinin maraqlarına xidmət edən qətiyyətli və prinsipial mövqeyini hər zaman bütün masalarda, bütün platformalarda diqtə edib. Sülhməramlı missiyanın çıxması məsələsi də Prezident İlham Əliyevin qətiyyəti ilə bağlıdır. Məhz İlham Əliyevin tələbi ilə onların ora yerləşdirilməsi ilə bağlı müvəqqəti tələb ortaya qoyulmuşdu. O tələblərə riayət olunmaqdadır. Düşünürəm ki, Azərbaycan Prezidenti bir daha sübut etdi ki, o, nəyi necə və nə vaxt etmək lazımdır ifadəsini boşuna deməyib. O, həmin ifadəyə həmişə riayət edib. Öz vədlərinə həmişə sadiq qalıb. Azərbaycan xalqı bir daha gördü ki, bu ilin fevral ayında İlham Əliyevə növbəti dəfə etimad göstərməklə, etibar etməklə, onu öz dövlətinin rəhbəri seçməklə ən uğulu seçimi edib. Son əsrlərdə Azərbaycan dövlətinə rəhbərlik edən ən uğurlu siyasətçinin məhz İlham Əliyev olduğunu o, öz əməli ilə bir daha göstərdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31