İranın bütün dövlət ideologiyası və siyasəti İsrail dövlətinin məhvi üzərinə qurulubdur-Tural İsmayılov- ÖZƏL
19 Aprel 2024 15:14 SiyasətƏvvəla qeyd etməliyik ki, İran-İsrail münaqişəsinin hansısa yekun həllini yaxın zamanda gözləmək absurd və ağlasığmaz olar. Hamıya bəllidir ki, İsrail dövlətinin qurulması özəlliklə 1979-cu ildə İranda İslam inqilabı baş verdikdən sonra İranın xarici siyasət prioritetlərində ən birinci və hətta qırmızı səviyyəsində qiymətləndirilən narahatlıqlar və problemlərdən biri kimi dəyərləndirilirdi".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Eyni zamanda, bu gün İranın bütün dövlət ideologiyası və siyasəti İsrail dövlətinin süqutu və məhvi üzərinə qurulubdur. Bu gün İranda bütün tədris materialları, mediada gedən yazılar hamısı İsrail dövlətinə düşmənçilik, onun varlığını qəbul və həzm etməmək prinsipləri üzərində qurulub. Əlbəttə, bu rasional siyasi yanaşmanın göstəricisi deyil. Bu gün İranın təkcə İsrailə deyil, bölgə ilə bağlı məsələlərə yanaşması, qlobal siyasi münasibətlər sistemində yöndəmsiz davranışlarının bir çoxu məhz onun ağıllı rasional siyasi qərarlar almaq yerinə bu tip ideoloji, dar məzhəbçi baxışlarla siyasət elminə yanaşması nəticəsində ortaya çıxmış olur. Bu baxımdan, əgər bir dövlətin rəsmi dövlət ideyası İsrail dövlətinin varlığını qəbul və həzm etməmək üzərinə qurulubsa, deməli, İranda indiki şəriyyətçi islam cümhuriyyəti qaldığı müddətdə İran-İsrail münasibətlərində müsbətə doğru hansısa irəliləyişi gözləmək olmaz. Nəinki müsbətə doğru, aktiv bazada lokal döyüşlər, kiçik, böyük çaplı qarşıdurmaların şahidi olacağıq".