Qeyri-neft sektorunun inkişaf prioritet məsələlər sırasındadır- ÖZƏL
19 Aprel 2024 12:04 Siyasət"Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası nəticəsində dövlət büdcəsinə böyük məbləğdə vəsaitlər daxil olur ki, bu da öz növbəsində ölkənin hərtərəfli inkişafına xidmət edən addımların atılmasına, layihələrin icrasına yol açır". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Məclisin deputatı Nurlan Həsənovun sözlərinə görə, Ulu Öndərin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondunun vəsaitləri hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçirilir: "Bu layihələr ölkəmizin hərtərəfli inkişafına geniş imkanlar yaradır. 2003-cü ildən neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişaf prioritet məsələlər sırasındadır. Cənab İlham Əliyev iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya əsas hədəf kimi qoyaraq bu istiqamətdə mühüm addımlar atır. Regionların sosial-iqtisadi inkişafının təmin edilməsi bu hədəfin reallığa çevrilməsində əsas amildir. Bu baxımdan Regional inkişaf Proqramlarının təsdiqlənməsinə və uğurlu icrasına böyük zərurət yarandı. Dövlət başçısı İlham Əliyevin bölgələrə mütəmadi səfərləri regionların sosial-iqtisadi inkişafına stimul olmaqla yanaşı, görülən işlərlə yaxından tanış olmaq baxımından mühüm əhəmiyyət daşıyır. Ölkə Prezidentinin vurğuladığı kimi, bölgələrə səfərləri həm nəzarət üçün bir vasitədir, yəni, verdiyi tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir. Bütün hədəflər ilk olaraq əhalinin rifah halının yaxşılaşdırılmasına, infrastruktur obyektlərinin yaradılmasına, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılmasına yönəlir. Bölgələrimizin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir".