Yarımçıq tikililər şəhər ərazisini tutub və istifadəsiz qalıb-Deputat
19 Aprel 2024 11:56 Siyasət"Şəhər gözəllləşir, infrastruktur yaradılır və insanların rahatlığı üçün xeyli addımlar atılır. Bu işlərin fonunda. yarımçıq tikililər narahatlıq yaradır. Yarımçıq tikililər bütün şəhər ərazisində var. Onlar böyük əraziləri tutub və istifadəsiz qalıb". Olaylar xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında millət vəkili Razi Nurullayev deyib: "Belə olan yarımçıq tikililərin tutduğu yüzlərlə hektar ərazilərlə bağlı niyə qərar verilmir? Yüz hektarlarla hasarlanmış ərazilərlə bağlı niyə addımlar atılmır? Bunlar kiminsə əmlakı ola bilər, amma bu o demək deyil ki, "ərazimdir özüm bilərəm" olsun. Özümüzü müqayisə etdiyimiz Avropa ölkələrində həyətyanı sahələrdə əkilən qazonun biçilməsi və hündürlüyü ilə də bağlı standart var.
Yarımçıq tikililər həm də ona görə var ki, hansısa vəzifəli şəxslər, yaxud onlara bağlı biznesmenlər zamanında tikməyə başlayıb, vəzifədən alınıb, yaxud həbs edilib və biznes imperiyası alt-üst olub. Amma, yenə də bu yarımçıq tikililəri illərlə saxlamaq düzgün deyil. Ya onlardan qanuni yollarla alınıb istifadəyə verilsin, ya da özlərinə vaxt qoyulsun ki, tikintini başa çatdırsınlar. Yox, qanunsuzdursa, baş plana uyğun deyilsə, o zaman sökülməsi və ya başqa məqsədlər üçün istifadəsi ilə bağlı qərarlar verilsin".