Azərbaycan heç bir ölkəni təhdid etmir-Sultan Zahidov- ÖZƏL
18 Aprel 2024 17:26 Siyasət"İranın Ermənistandakı səfiri Mehdi Sübhani aprelin 16-da səfirliyin binası önündə mətbuata verdiyi açıqlamaları bir daha İran rejiminin ikiüzlü, riyakar və ikili standartlara əsaslanan siyasətindən xəbər verir".
Bu fikirləri politoloq Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:
"İran Ermənistan səfrinin cəfəng açıqlamalarına niyə imkan verir? Ona görə ki, əksinə, İran rejimi özü səfirə bu kimi açıqlamalar verib. Yəni aydırdır ki, səfir özbaşına belə açıqlamalar verməz, hakimiyyətdən göstəriş alıb ki, bu açıqlamaları verir. Həmin açıqlamalarda İran səfiri qeyd edir ki, İran regionda hansısa geosiyasi dəyişikliyin yaranmasının əleyhinədir. Reallıq ondan ibarətdir ki, Azərbaycan İkinci Qarabağ müharibəsi və antiterror tədbirləri ilə Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaratdı. Amma bu reallıqlar hansısa ölkəyə təhdid deyil, əksinə, ölkələrin ərazi bütövlüyünün və suverenliyinin qorunmasına söykənən, bütün region ölkələrinin inkişafına töhfə verəcək geosiyasi dəyişikliklərdir. Bu baxımdan İranın bu məsələdə destruktiv yanaşması anlaşılan deyildir. İkinci bir məsələ İran səfirinin qeyd etdiyi İkinci Qarabağ müharibəsində "erməni əsgərləri İsrail silahı ilə öldürülüb" məsələsinə gəldiksə isə hər bir ölkənin başqa bir ölkə ilə azad şəkildə ticarət həyata keçirməsinə, silah alma, satma hüququ vardır. Necə ki, İran özü də Rusiyadan, Hindistandan və digər ölkələrdən silah alır, Azərbaycan da bu kimi haqqa sahibdir. Əgər İran Azərbaycanın İsraillə əməkdaşlığına bu qədər problematik yanaşırsa, o zaman nəyə görə aprelin 5-də Ermənistanın Brüsseldə ABŞ və Aİ ilə həyata keçirdiyi razılıqlara qarşı çıxmadı?! Əksinə, Mehdi Sübhani bəyanatında bildirdi ki, biz Ermənistanın bu kimi razılaşmalara imza atmasına qarşı deyilik, bu Ermənistanın iqtisadiyyatının gücləndirilməsinə söykənib. Ermənistan əzəli düşməni olan ABŞ ilə münasibətlərə daxil ola, sənədlər, sazişlər imzalaya, onlardan hərbi dəstək ala bilər, amma Azərbaycan İsraildən silah ala bilməz?! Bütün bu olanlar İranın riyakar siyasətindən xəbər verir. İkinci bir məsələ: aydındır ki, 44 günlük müharibə nəticəsində yaranan geosiyasi reallıqlarla bu günə kimi barışmaq istəməyib. Çünki həmin reallıqlar Türkiyə-Azərbaycan birliyinin regionda öz nüfus dairəsini artırmasına gətirib çıxardı ki, İran da bundan narahatdır. Bu o demək deyil ki, İran davamlı şəkildə Ermənistanı silahlandırmalı və Azərbaycandan İsraildən silah almamağı tələb etməlidir. İranın ümumiyyətlə, belə bir hüququ yoxdur, Azərbaycan müstəqil ölkədir və öz gələcəyi ilə bağlı özü müstəqil şəkildə qərarlar verir. Şiəliyi əsas tutaraq ölkələr arasında dini əsasda münasibətləri təbliğ edən İran, digər tərəfdən müsəlman Azərbaycana üz döndərərək, onun düşməni Ermənistana yardımlar edir, ona kəşfiyyat məlumatları ötürür, texnika üçün yanacaq verir, silahların daşınmasına imkan yaradır. Belə olan halda sözsüz ki, İranın Azərbaycandan nəysə istəməyə heç bur hüququ olmayacaqdır. Amma reallıq bundan ibarətdir ki, İranın bəzi rəsmi dairələri Azərbaycanı İsrail rejimi ilə sıx əməkdaşlıqda günahlandırır, bu baxımdan Azərbaycanı özünə təhdid görür. Amma aydın məsələdir ki, Azərbaycan heç bir ölkəni təhdid etmir və hər bir ölkənin ərazi bütövlüyünə hörmətlə yanaşır, eyni zamanda da öz ərazi bütövlüyünə hörmətlə yanaşılmasını tələb edir. İranın qırmızı cizgiləri olduğu kimi Azərbaycanın da var və Azərbaycan bu cizgilərin heçə sayılması ilə heç vaxt barışmayacaqdır".