Fransanın səfirini çağırmasını təxribat kimi dəyərləndirirəm - ÖZƏL
18 Aprel 2024 17:03 Siyasət"Fransa səfirinin geri çağırılması, əslində, uzun müddət davam edən Fransa-Azərbaycan gərginliyin nəticəsi olaraq da qiymətləndirilə bilər. Amma mən daha çox bunu bir təxribat halı kimi dəyərləndirirəm".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
"Əslində, əgər səfiri geri çağırmaq məsələsi ortaya çıxsaydı, burada birinci Azərbaycan bunu etməli idi. Çünki Fransa birmənalı şəkildə təxribatlara əl atırdı. Həm Ermənistanın silahlandırılmasını həyata keçirilməsi ilə, istərsə də Azərbaycana qarşı sərgilədiyi mövqe ilə biz bunu açıq şəkildə görürük və hətta Avropa İttifaqında, Avropa Şurasının Azərbaycana qarşı anti-Azərbaycan meylli qətnamələrin qəbul edilməsi, addımların atılmasında biz bunu görürük. Bu baxımdan düşünürəm ki, Fransanın Azərbaycandakı səfirini geri çağırması, məncə, heç də normal hal kimi dəyərləndirilə bilməz. Ola bilsin məsləhətləşmək üçün çağıra bilər. Amma bu, yenə də bizim münasibətlərimizə müsbət təsir göstərməyəcək və təbii ki, Azərbaycanın da Fransada səfiri fəaliyyət göstərir və bu o deməkdir ki, əgər Fransa həqiqətən də burada münasibətləri dondurmağa çalışacaqsa, Azərbaycan da adekvat addım atacaq. Məsələ burasındadır ki, Fransa-Azərbaycan münasibətləri bugünkü halda heç də normal səviyyədə deyil. Hətta Fransa Azərbaycana olan aqressiyasından, düşmənçilik mövqeyindən çıxış edərək, Azərbaycan şairi Natəvanın heykəlini sökdürməsi prosesini həyata keçirir və əslində, bu da belə mədəni sahədə əlaqələrə zərbə vurmuş olur. Baxmayaraq ki, Azərbaycan dövləti ilə Fransa arasında zaman-zaman mədəni sahədə əməkdaşlıq olub, Heydər Əliyev Fondunun vasitəçiliyi, iştirakı ilə Fransada bir sıra layihələr həyata keçirildi və s. Amma biz görürük ki, Fransanın Azərbaycanla münasibətləri belə tutması onu göstərir ki, Fransanın mövqeyi Azərbaycana qarşı heç də saf deyil. Yəni, niyyət saf deyil və bu saf olmayan niyyət əlbəttə ki, qarşılıqlı şəkildə öz təsirini göstərəcək".