Qarabağda sadəcə Azərbaycan bayrağı dalğalanır-Kazım Kazımov- ÖZƏL

"Bilirik ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə başlayan bu münaqişə 30 il ərzində Azərbaycanı siyasət nəhənginə, ordu gücü etibarilə dəmir iradəli, döyüş qabiliyyəti çox yüksək olan bir orduya çevirdi".

Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:

"Azərbaycanı eyni şəkildə dünya siyasətində regional və beynəlxalq siyasəti çox yaxşı oxuya bilən bir oyunçuya çevirdi. Biz çox yaxşı bilirik ki, Azərbaycan 1994-cü ildə Bişkek protokolundan başlayaraq atəşkəs müddətində 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsinə qədər çox ciddi şəkildə müharibəyə hazırlaşdı. Azərbaycan hakimiyyəti, cənab Prezident bilirdi ki, bir gün nə vaxtsa müharibə ola bilər və son ümid yeri elə Azərbaycan əsgərinin özüdür. Çünki beynəlxalq siyasətin artıq ölkələrin şəxsi maraqlarına nə qədər xidmət etdiyini, insan haqları, demokratiya, Birləşmiş Millətlərin qəbul etdiyi qətnamələrin kağız üstündə qaldığını çox açıq şəkildə görürdük. Ona görə də Azərbaycan illər ərzində çox ciddi şəkildə müharibəyə hazırlaşdı. 2020-ci il sentyabrın 27-də başlayan müharibə dünya hərb tarixinə keçəcək, çox sürətli, müzəffər bir şəkildə həyata keçirildi. Bunu vurğulayaq ki, Ermənistan da 30 il ərzində Azərbaycanla müharibəyə hazırlaşırdı. 30 ildir orada sədlər quran, yeni səngərlər inşa edən, xarici havadarlarından silah alan Ermənistana qarşı Azərbaycan çox parlaq bir qələbə çaldı. 2020-ci ilin noyabr ayında atəşkəs müqaviləsinin imzalanmasında Rusiya bilavasitə iştirakçılıq etmişdir. Orada rus sülhməramlılarının bölgəyə gəlməsi və burada müvəqqəti qalması ilə bağlı çox ciddi fikir alış-verişləri oldu. Cənab Prezident zərgər dəqiqliyi ilə ölçmüşdü bütün bunları.  Sülhməramlı qüvvələrin orada qalmalarının müvəqqəti olması ilə bağlı bəndin cənab Prezidentin təkidi ilə ora əlavə olunduğunu çox yaxşı bilirik. Eləcə də, o siyasətin nəticəsində bu günlərdə sülhməramlı qüvvələr Qarabağı tərk edir. Çünki onların Qarabağda heç bir hüququ qalmayıb. Qarabağda qondarma rejimin izi-tozu yoxdur, eləcə də Qarabağda çox az sayda Azərbaycan vətəndaşı olan etnik ermənilər var. Ancaq bilirik ki, onları dövlətimiz etnik azərbaycanlılardan heç də ayırmır, biz hansı haqlara sahibiksə, onlar da elədir. Böyük əksəriyyəti isə özləri çıxıb getdilər, Azərbaycan onların getməsi üçün xüsusi bir kampaniya etmədi. Hətta antiterror tədbirlərindən sonra Azərbaycan onlara qalmaları üçün çox geniş təkliflər etdi, ancaq qəbul etmədilər. Bu onların öz seçimləridir. Azərbaycan onları humanist bir şəkildə yola saldı. Bundan sonra artıq sülhməramlıların bölgədəki fəaliyyətinə heç bir gərək qalmadı. Burada da daxildəki bəzi marginal qruplarda xarici erməni lobbisi onlara xidmət edən Fransa, ABŞ, hətta Rusiyadakı siyasətçilər tamamilə fiaskoya uğradılar. Çünki Azərbaycan həqiqətən də Qarabağın azad edilməsi, sülhməramlıların göndərilməsi prosesini çox mərhələli, planlanmış, uğurlu şəkildə həyata keçirdi. Artıq Qarabağda ikinci bir qüvvə yoxdur, sadəcə Azərbaycan əsgəri var və Qarabağda sadəcə Azərbaycan bayrağı dalğalanır. Bu həqiqətən də ölçüb-biçilmiş və çox mühim siyasətin göstəricisidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31