Azərbaycan-Fransa arasında münasibətlər tarixinin ən minimum dövrünə gəlib çıxdı - ÖZƏL
18 Aprel 2024 16:25 Siyasət"Fransa səfirinin geri çağırılması hesab edirəm ki, Fransa dövlətinin növbəti anti-Azərbaycan və yanlış addımın təzahürüdür. Səfirin geri çağırılması üçün göstərilən səbəblər, bəhanələr ki var, o səbəbləri Fransa dövləti yaratdı".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.
"Baxın, 25 il ərzində Azərbaycana yalvararaq, Azərbaycanın razılığı ilə ATƏT-in Minsk qrupunda Fransa həmsədrlik postu tuturdu, üç həmsədr dövlətin biri idi. 25 il ərzində Fransa bir həmsədr kimi problemin həlli üçün heç bir töhfə vermədi və Azərbaycan özü İkinci Qarabağ müharibəsindən sonra, Qarabağ problemini həll etdi. Ondan sonra, biz onsuz da Fransanın iç üzünü bilirdik, amma bu dəfə tamamilə onların iç üzü, anti-Azərbaycan, anti-türk davranışları ortaya çıxmış oldu və aşırı erməni dəstəkçisi, ermənipərəst mövqe nümayiş etdirən Fransa anti-Azərbaycan qərarlar qəbulu üçün istər BMT Təhlkəsizlik Şurasında, istər Avropa İttifaqı, Avropa Birliyinin parlamentində, Avropa İttifaqı vasitəsilə, Avropa Şurası Parlament Assambleyasında və s. qurumlarda, istiqamətlərdə anti-Azərbaycan qərarlarının qəbuluna, Azərbaycanı sıxışdırmaq, təhdid, hədə-qorxu, hətta kəşfiyyat, təxribat, pozuculuq fəaliyyətinə qədər getdi. Ötən ilin dekabr ayında Azərbaycan xüsusi xidmət orqanları DTX-nın ayıq-sayıqlığı nəticəsində Fransa vətəndaşı olan casuslar həbs olunur. Azərbaycan dövlətinə qarşı fəaliyyət göstərməli olan kəşfiyyatçılar, təxribatçılar həbs olunur və bütün bunlar Fransanın yanlış siyasətinin nəticəsi oldu.
Səfiri də geri çağırmağı, hesab edirəm ki, münasibətlərin ən zəif, artıq Azərbaycan-Fransa arasında münasibətlər tarixinin ən minimum dövrünə gəlib çıxdı. Bundan Fransanın qazancı nədir? Deyərdim ki, heç nə. Azərbaycana qarşı bu cür əməllər törədib, Ermənistanı dəstəkləməyə davam etmək və bununla da ermənipərəst siyasətini, Cənubi Qafqazda öz maraqlarını qurmaq, Fransa bu xətti götürüb, ancaq bunun reallaşacağına inanmıram. Çünki Azərbaycana qarşı belə davanışlar göstərməklə və Azərbaycanı görməzdən gəlməklə, erməni dəstəkçisi rolunda çıxış etməklə nəticə almaq mümkün deyil. Ümid edirəm ki, Fransa gələcəkdə bu siyasətindən geri dönəcək, yanlışını anlayacaq, yanlış siyasət olduğunu qəbul edəcək və tarixin əvvəlki dönəmlərinə, normal münasibətlər dönəminə qayıdacaq".