Azərbaycanın yeritdiyi siyasətin məntiqi nəticəsi-Azad Məsiyev- ÖZƏL

"44 günlük Vətən müharibəsinin sonunda 10 noyabr sazişi imzalandı. 10 noyabr sazişi Rusiya Prezidenti Vladimir Putinin, Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın imzası ilə təstiqlənmiş və qarşılıqlı öhdəliklər götürülmüşdür. Bu sazişin müddəalarından biri Rusiyanın sülhməramlı qüvvələrinin Azərbaycan ərazisinə yerləşdirilməsi idi".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev qeyd edib:

"Azərbaycan həm 44 günlük Vətən müharibəsi, həm də birgünlük antiterror əməliyyatının nəticəsində həm de-fakto, həm də de-yure suverenliyini bərpa etdi. Artıq Azərbaycanın daxilində Dağlıq Qarabağ deyilən separatçı qüvvələr qalmamış, daxilimizdə stabillik yaranmış, Azərbaycan faktiki olaraq həm de-fakto, həm də de-yure daxili separatizm məsələsini həll edib, qurtarmışdır. O baxımdan sülhməramlı qüvvələrin Qarabağ ərazisində qalması öz mahiyyətinə itirirdi. Təbii ki, bu proseslər zaman-zaman aradan qaldırıldı və sülhməramlı qüvvələrin Azərbaycanı tərk etməsi baş verdi. 10 noyabr sazişi müddəasına görə 2025-ci ilə qədər bu qüvvələr Azərbaycanda qalmalı idi. Faktiki olaraq bu qüvvələrin burda 2025-ci ilə qədər qalması məntiqi funksiyasını itirmişdi. 
Azərbaycan Prezidenti dəfələrlə bəyan edir ki, biz nəyi nə vaxt edəcəyimizi gözəl bilirik. Azərbaycan Prezidentinin siyasəti nəticəsində sülhməramlı qüvvələrin Azərbaycana gəlməsi və Azərbaycanda mövcud problemləri həll etdikdən sonra getməsi Azərbaycanın daxili siyasətinin tərkib hissəsi idi. Bir məsələni də qeyd etmək yerinə düşər ki, 10 noyabr sazişi imzalanan zaman qeyri-rəsmi razılaşmaların da olması qeyd olunur. Ermənistan Azərbaycanın 8 kəndini işğal altında saxlayır. İşğal altında olan kəndlərin 7-si Qazax bölgəsində, 1-i isə Naxçıvan bölgəsindədir. Qazax bölgəsində anklavda olan kəndlərimiz var. Anklavda olan kəndlərimizin də qaytarılması üçün mütləq şəkildə Ermənistan-Azərbaycan arasında razılıq olmalıdır. Bu baxımdan, anklavda olan kəndlərimizə soydaşlarımızın geri qayıtması üçün, orda onların təhlükəsizliyinə təminat vermək üçün mütləq şəkildə orda da sülhməramlı qüvvələr yerləşdirilməlidir. Anklavda olan bölgələrimizə təhlükəsizlik baxımından gediş-gəlişi təmin etmək üçün ora da sülhməramlı qüvvələr yeridilməlidir. Eyni zamanda 10 noyabr sazişinin 9-cu maddəsi ki var, Zəngəzur yoluna da hərəkətin təhlükəsizliyinə təminat verəcək Rusiya Federal Təhlükəsizlik xidməti olmalıdır. Bu barədə Ermənistan dövləti də öz üzərinə öhdəlik götürür. Zəngəzur dəhlizinə də sülhməramlı qüvvələr yeridilməlidir ki, gələcəkdə bizim hərəkətimizə təminat verilsin. Çünki işğal altında olan 8 kəndimiz hələ azad edilməyib. Hətta edilsə, Ermənistan öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə belə, ordakı əhalinin təhlükəsizliyinə müəyyən dövr üçün təminat vermək üçün mütləq şəkildə sülhməramlı qüvvələr orda olmalıdır. Ermənistanın ərazisində olan Azərbaycanın anklav kəndlərinin ətrafına yeridilməlidir ki, gələcəkdə soydaşlarımızın orda hərəkətinə təminat verilsin. Düzdür, 10 noyabr sazişində bu rəsmi öhdəlik yoxdur. Amma kütləvi informasiya vasitələrində deyilənlərə istinad etsək, qeyri-rəsmi sövdələşmələr olub. Bu sövdələşmələrə görə də sülhməramlı qüvvələr Ermənistan ərazisinə yeridilməlidir. Ümumilikdə 10 noyabr sazişinin bütün müddəaları Azərbaycanın dövlət və milli maraqlarına uyğundur. Azərbaycan bu maddələrin həyata keçirilməsində öz üzərinə götürdüyü bütün öhdəlikləri vaxtında yerinə yetirmişdir. Təəssüflər olsun ki, Ermənistan 10 noyabr sazişi müddəalarını yerinə yetirmir və bu da üçtərəfli sazişin kobud şəkildə pozulması deməkdir. Azərbaycana sülhməramlı qüvvələrin gəlməsi və 2025-ci ilə qədər  Azərbaycanda qalması ilə bağlı Azərbaycan Prezidentinin öz üzərinə götürdüyü öhdəliklər o demək deyildi ki, onlar ömürlük burda qalacaqlar. Azərbaycanda bəzi müxalifət düşərgələri ki var, bunlar mətbuatda ajiotaj yaratmışdı ki, Rusiya ordusu Azərbaycanı işğal etdi, Rusiya ordusu Azərbaycana yenidən gəldi. Bu cür Azərbaycan hakimiyyətinin siyasətinə kölgə salmaq istəyirdilər. Amma zaman göstərdi ki, Azərbaycan Prezidentinin siyasəti uğurludur və uzaqgörən siyasət idi ki, Xankəndində aparılan antiterror əməliyyatı zamanı sülhməramlı qüvvələrin neytral mövqedə durması, Xankəndindən olan ermənilərin Ermənistana getməsində sülhməramlı qüvvələrin müşayiəti bir daha onu göstərdi ki, sülhməramlı qüvvələrin Azərbaycana gətirilməsi lazımı addım olub. Hesab edirəm ki, artıq bu proses sonlanıb. Bu da Azərbaycanın yeritdiyi siyasətin məntiqi nəticəsindədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31