Azərbaycan və Rusiya arasında kifayət qədər yüksək münasibətlər formalaşıb-Tural İsmayılov- ÖZƏL
18 Aprel 2024 15:31 Siyasət"Rusiya sülhməramlıları əlbəttə ki, Azərbaycan ərazilərini tərk edəcəkdi. Çünki üçtərəfli 10 noyabr bəyanatında rus sülhməramlılarının Azərbaycan ərazilərinə müvəqqəti yerləşməyi barədə bir müddəa yer alırdı".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Eyni zamanda cənab Prezident İlham Əliyev hər zaman " mən nəyi nə zaman etmək lazım olduğunu bilirəm" söyləyib və cənab Prezidentin həyata keçirdiyi düşünülmüş, addımlı, rasional siyasət nəticəsində addım-addım böyük tarixi hadisələrə şahidlik etdik. Həm 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazandığımız qələbə, torpaqlarımızın işğaldan azad edilməsi, həm 2023-cü ildə Xankəndidə keçirdiyimiz antiterror əməliyyatları ilə separatçılığın kökünün tamamilə kəsilməsi və onun arxasınca isə rus sülhməramlılarının vaxtından əvvəl Azərbaycan ərazilərini tərk etməsi düşünülmüş, rasional siyasi liderliyin və İlham Əliyev siyasi zəkasının növbəti göstəricilərindən biridir. Çünki bütün hadisələr və baş verən gedişatlar da göstərir ki, məhz bu düşünülmüş rasional siyasət nəticəsində bu gün mərhələli, pilləli şəkildə hadisələr ard-arda davam edir. Eyni zamanda, bu gün Azərbaycan və Rusiya arasında kifayət qədər yüksək münasibətlər formalaşıb. Məhz Azərbaycan-Rusiya münasibətlərinin belə pozitiv məcrası fonunda Azərbaycan və Rusiya Ali rəhbərliyinin qərarı əsasında rus sülhməramlıları Azərbaycan ərazilərini tərk edirlər. Təəssüflər olsun ki, rus sülhməramlılarının onsuz da Azərbaycan ərazisini vaxtında və ya vaxtından əvvəl tərk edəcəyi məlum ikən, bu məsələ ətrafında süni gündəm və manipulyasiya yaradan xaricdə və daxildəki bəlli radikal qüvvələr tərəfindən daim bu mövzu çeynənir və manipulyasiyası mövzusu olurdu. Hesab edirəm ki, bu hadisədən sonra da təkcə xarici və daxildəki bəzi radikal antiazərbaycan qüvvələri deyil, həm də onların havadarlarına da tərs şapalaq olmuş bir vəziyyət yarandı. Bu gün Azərbaycanın istənilən halda bütün addımları dünyada bu qədər xaos və qarışıqlıq varkən ölkəmizin nə qədər önəmli bir dövlət statusunda olduğunu bir daha sübut etmiş olur".