Sülhməramlıların Qarabağa nə gəlişində, nə gedişində Qərbin hansısa təsirli rolu olmayıb - ÖZƏL
18 Aprel 2024 15:32 Siyasət"Heç bir problem yaranmadan sülhməramlıların Qarabağdan köçüb getmələri Rusiya-Azərbaycan münasibətlərinin bugünkü rəvan xarakterindən xəbər verir. Onu göstərir ki, iki ölkənin arasında problemə çevrilə biləcək mövzular yoxdur. O cümlədən də, sülhməramlıların Qarabağa gəlişi, necə ki, qarşılıqlı razılaşma əsasında həll olunmuşdu, bu gün də onların gedişi, qarşılıqlı anlaşma şəraitində iki ölkənin başçıları arasındakı danışıqlar nəticəsində həll olunub".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
"Eyni zamanda o deməkdir ki, sülhməramlıların Qarabağdan getməsindən sonra da Azərbaycan-Rusiya münasibətlərinə xələl gəlməyəcək. Əksinə, bu məsələnin anlayışla həll olunması, deməyə və ehtimal etməyə əsas verir ki, iki ölkənin bundan sonrakı münasibətlərində də dinamika saxlanılacaq və hər hansı bir problem meydana çıxcağı gözlənilmir.
Əlbəttə ki, sülhməramlıların fəaliyyəti ilə bağlı müxtəlif proqnozlardan tutmuş, ittihamlara qədər hər cür mülahizələrə rast gəlirdi. Xüsusilə də, bəzi radikal dairələr, hətta Elçibəy hakimiyyəti dövrü ilə müqayisələr aparırdılar. "Elçibəy rus qoşunlarını Azərbaycandan çıxartdı, ancaq İlham Əliyev rus qoşunlarını Azərbaycana gətirdi" kimi mülahizələrə rast gəlinirdi və bunun ətrafında siyasi ittihamlar səsləndirilirdi. Amma görsənir ki, həqiqətən bu məsələlərin həll olunmasının öz vaxtı var imiş və zaman yetişdikcə, rus sülhməramlılarının Azərbaycandan gedişi hər hansı bir problem yaranmadan həll olundu.
Doğrudan da indi maraqlıdır ki, rus qoşunlarını Azərbaycana həmişəlik gətirdikləri deyib də, ittihamçı mövqe tutanların bundan mövqeyi necə olacaq və mənim üçün çox maraqlıdır ki, onlar sülhməramlıların Azərbaycandan özü də vaxtından qabaq getməsi ilə bağlı öz əvvəlki mövqelərində necə korreksiya edəcəklər və bunu açıq şəkildə ifadə edəcəklər. Hər halda, cəmiyyət üçün də bu çox maraqlıdır.
Digər tərəfdən bəzi mülahizələr var ki, sülhməramlılar guya Qərbin Rusiyaya təzyiqi nəticəsində belə rahat şəkildə köçüb getdilər. Bu cür fikirlər də həqiqətə qəti şəkildə uyğun deyil. Ona görə ki, əgər Qərbin bu məsələdə həlledici rolu olmuş olsaydı, Qərb heç rus sülhməramlılarının əvvəlcədən Qarbağa gəlişini istəmirdi və buna imkan verməzdi. Görsənir ki, burada sülhməramlılarının Qarabağa nə gəlişində, nə gedişində qərbin hansısa təsirli rolu olmayıb və birmənalı şəkildə bilirik ki, bu məsələ, yəni sülhməramlıların gedişi Azərbaycan və Rusiya rəhbərlərinin, şəxsən İran rəhbərliyi ilə Putin arasındakı danışıqlar və qarşılıqlı anlaşma münasibətlərinin nəticəsi olaraq ortaya çıxır. Bir halda dövlət başçılarının arasında həm şəxsi müstəvidə, həm də dövlətlərarası münasibətləri çərçivəsində yüksək və dinamik əməkdaşlıq münasibətləri var, bundan sonra da onun saxlanacağına ehtimal böyükdür".