Bir dövlətin suveren ərazisində digər dövlətin əsgərinin nə işi var?-Şəbnəm Həsənova- ÖZƏL

"Heç bir dərin analizə baş vurmadan aydın məsələdir Azərbaycanın 44 günlük savaşda əldə etdiyi tarixi Zəfər illərin gərgin əməyinin nəticəsidir. Çünki Cənubi Qafqaz kimi maraqların kəsişdiyi və toqquşduğu bir bölgədə türk və müsəlman göstəricilərə malik bir xalqa qələbə qazanmağa imkan verilmirdi, imkanlar pəncərəsini açmaq isə heç də asan məsələ deyildi". 

Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:

"Azərbaycanın zəngin resursları da kifayət deyildi. Çünki o da məlumdur ki, dünyanın zəngin resurlarına malik bölgələr bu amilin lənətinə necə məruz qalıb, indiyə kimi də qərq olublar. Zaman və siyasi hadisələrin axışı sübut etdi ki, ölkəni, onun ərazisini, əhalisini, yeraltı və yerüstü sərvətlərini qorumaq, öz milli maraqları kontekstindən istifadə etmək üçün başlıca amil lider amilidir. Azərbaycanın bugünkü reallığı cənab Prezident İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsidir. 
    Müharibə bitdi, lakin Müzəffər Ali Baş Komandan İlham Əliyev hər zaman bəyan edirdi ki, Zəfəri qoruyub saxlamaq, onu əldə etməkdən daha çətindir. Bir həqiqəti də dövlət başçımız vurğulayırdı ki, Zəfərimiz yarımçıqdır, "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm"  deyərək xalqını əmin edirdi ki, Zəfərimiz kimi, Azərbaycanımız da bütövləşəcək. Azərbaycan xalqının və onun Prezidentinin qələbəsi ilə nəticələnən 44 günlük müharibənin bitməsini təmin edən üçtərəfli bəyanatın maddələrində bir dənə də olsun Azərbaycanın əleyhinə bənd yox idi, əksinə sülhməramlılarla bağlı "müvəqqəti"anlayışı belə dövlət başçımızın təkidi ilə oraya salınmışdı. Məntiqi nəticə odur ki, sülhməramlıların çıxması cənab Prezident İham Əliyevin düşünülmüş siyasətinin nəticəsi, Rusiya ilə Azərbaycan arasında olan normal münasibətlərin göstəricisidir. Münaqişə yoxdursa, sülhməramlılara da ehtiyac yoxdur və bunu Rusiya tərəfi də aydın gördü. Rusiya ilə Azərbaycan arasında olan münasibətləri isə bundan öncə də müsbət trayektoriya üzrə inkişaf edirdi, bundan sonra da bu cür davam edəcək. Hələ üstəlik o faktı da nəzərə alaq ki, iki ölkənin ali rəhbərləri arasında şəxsi münasibətlər yüksək səviyyədədir. 
    Ermənistan isə militarlaşdırılır, bunu görməmək üçün yəqin siyasi baxımdan ya kasad olmalısan, ya da əqli baxımdan anormal. Anormal olan məqam isə çoxdur. Birincisi odur ki, Azərbaycan 2023-cü ildə lokal antiterror əməliyyat keçirmədən bir neçə gün öncə sentyabrın 17-də İstanbulda Qarabağla bağlı gizli ABŞ-Rusiya-Aİ görüşü keçirildi. O faktı da unutmayaq ki, sözügedən görüş Ukraynada müharibənin başlanmasından sonra Moskva və Qərb arasında ilk təmas idi. Bir daha sübut olunur ki, ABŞ əleyhimizə olaraq hətta əbədi rəqibi Rusiya ilə belə sövdələşməyə hazırdır. Bu gün Ermənistana vəd edilən genişləndirilmiş hərbi dəstəyi, imzalanan gizli hərbi paktı "dezinformasiya" kimi təqdim etmək anormallığın daha bir nümunəsidir. Daha da əlavə edək ki, Rusiyanı Dnestryanı, Abxaziya, Cənubi Osetiya olmaqla bütün regionlardan hər mənada sıxışdırmağa çalışan, hətta 2022-ci ilin yanvarında KTMT qüvvələrinin Qazaxıstandan çıxarılmasını təqdir edən ABŞ Qarabağdakı sülhməramlılara münasibətdə yenə də bizə qarşı eyni məna ilə, lakin fərqli yol tutdu. ABŞ və Fransa regiona sülh prizmasından deyil, öz maraqlarının təmin olunması prizmasından yanaşdıqları üçün münaqişənin həllinin ən böyük əleyhdarlarıdırlar. Hətta 5 aprel görüşündən öncə də erməni rəsmiləri bir-bir, iki-bir Pentaqona dəvət olunur, xısın-xısın görüşlər keçirilir, planlar cızılırdı.
    Azərbaycana qarşı gizli planların mövcudluğunu, növbəti əbədi və əzəli düşmənlərin də ortaq mövqeyinin olduğunu qəribə qarşılamamaq mümkün deyil. Məsələn, İranın Ermənistandakı səfiri Mehdi Sobhani bildirir ki, "İkinci Qarabağ müharibəsində erməni əsgərləri İsrail silahı ilə öldürülüb". Əgər İran Azərbaycanla dostluq münasibətlərində sözdə deyil, əməldə maraqlıdırsa, səfirin bu cür sərsəm açıqlamalar etməsinə icazə verməli deyil. "Bir dövlətin suveren ərazisində digər dövlətin əsgərinin nə işi var?" amili üzərində İran səfiri ciddi düşünməlidir. İşğalçı dövlətin əsgərlərinin məhv edilməsini faciə kimi təqdim  edən İran illər ərzində torpaqlarımızın işğal altında saxlanıldığını görməzdən gəldi, qeyri-leqal formada torpaqlarımızın istifadəsində əlbir oldu, dinimizin təhqir olunmasına susdu, Azərbaycan əsgərinin öldürülməsi üçün Ermənistana gizli məlumatlar ötürdü, yanacaq materialları ilə işğalçı dövləti təmin etdi, ərazisindən silahlar ötürdü. 
    Azərbaycan Qarabağ, münaqişə səhifəsini artıq çevirib. Qarabağla bağlı gündəlikdə duran yeganə məsələ onun yenidən həyata qaytarılması, insanların əbədi torpaqlarına köçürülməsinin təmin olunmasıdır. Bu istiqamətdə Azərbaycana daxildən və xaricdən təzyiqlər var. 
    Vaxt var idi bəzi qüvvələr Xocalının alınacağına da rişxəndlə yanaşırdılar. Xocalıda bayrağımızın dalğalanması bəlli dairələrin arzularını gözündə qoydu, sərsəm  "proqnozlar" və boş ritorikalarının həqiqətən də boş, eyni zamanda arqumentlərinin də çürük olduğunu sübut etdi. Siyasi meydanda cənab İlham Əliyevlə rəqabət aparmaq siyasi savad baxımından kasad, məhdud dünyagörüşə malik, ən əsası qərəzli yanaşmaya malik olanların işi deyil. Bir daha sübut olundu ki, cənab İlham Əliyev xalqının alternativsiz Lideridir. Cənab Prezident İlham Əliyev uğurlu siyasətini məzmun, forma və tətbiq olmaqla üç əsas istiqamət üzrə son dərəcə aydın realizə edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31