Fransa-Azərbaycan gərginliyinin səbəbkarı Azərbaycan dövləti deyil - ÖZƏL
18 Aprel 2024 14:52 Siyasət"Fransanın öz səfirini məsləhətləşmələr üçün Parisə çağırması əlbəttə ki, əslində, yaxşı bir hal deyil. Ona görə ki, sadəcə olaraq çağıra bilər, məsləhətləşmələr apara bilərlər. Amma bunun ardından verdikləri açıqlama ondan xəbər verir ki, Fransa Azərbaycanla münasibətlərdə gərginliyi qoruyub saxlamağa meyllidir. Bu da yaxşı hal deyil".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Hər şeydən əvvəl qeyd etməliyik ki, Fransa-Azərbaycan gərginliyinin səbəbkarı Azərbaycan dövləti deyil, Azərbaycan tərəfi deyil. Çünki uzun illər ərzində Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyət göstərib və bu fəaliyyəti dövründə neytrallıq nümayiş etdirə bilməyib. Bu da Azərbaycanda haqlı narazılığa səbəb olub. Ona görə də Azərbaycan tərəfi davamlı şəkildə Fransaya öz etirazını bildirib, yaxud da bu və digər şəkildə diplomatik bir dildə narahatlığını çatdırıb. Belə olan halda Fransa gərək Azərbaycana münasibətini dəyişərdi, normal münasibətlərə meyl edərdi. Təəssüflər olsun ki, biz bunu görmədik. Hətta Fransa prezidenti başda olmaqla, Fransa rəsmiləri daha da irəli getdilər, Azərbaycana haqsız yerə itthamlar yağdırdılar və təbii ki, Azərbaycan dövləti, Azərbaycan ictimaiyyəti də boş durmadı. "Deyəcəyiniz varsa, deyəcəyimiz var" deyərək, hərəkətə keçdik və bu da Fransanı artıq narahat etməyə başlayıb və etməlidir də. Ona görə də səfirin geri çağırılması bu baxımdan dəyərləndirilməlidir. Yəni Fransa narahatdır, nə edəcəyini artıq müəyyənləşdirməlidir. Səfiri çağırıb, məsləhətləşmələr aparıb, buyursunlar, Azərbaycanla münasibətlərin düzəldilməsi üçün təkliflərini versinlər. Amma bu zaman yenə də neytrallıq nümayiş etdirməlidirlər. Daha Ermənistanın sözçüsü kimi çıxış etməməlidirlər".